"Reduco” Tədris Mərkəzinin dəstəyi ilə Sumqayıt Dövlət Universiteti Ritorika Universal Klubunun Mədəniyyət və İncəsənət Klubu yeni layihəyə start verib. Layihə çərçivəsində gənclər ebru sənətinin incəliklərini öyrənəcək, praktiki olaraq rəsmlər çəkəcəklər.
Bakıda Ebru Sənət Mərkəzində ebru sənət dərsləri keçən layihənin təlimçisi olan Vüsal Karakaşlı tədbir iştirakçılarına ebru sənətinin özəllikləri və tarixi haqqında məlumat verərək bildirib ki, ebrunu Orta Asiyadakı cığatay türkləri yaradıb. O, ebru sözünün ebrə sözündən törəndiyini və "damarlı” mənasını verdiyini deyib: "Damarlı çünki suyun üzərində yaranan naxışlar damara bənzəyir, buluda da bənzəyir. Sonra Osmanlıya keçən bu sənəti ebru adlandırırlar.”
Rəssam qeyd etdi ki, digər təsviri sənət növlərindən fərqli olaraq ebru sənəti ilə məşğul olan insan hər zaman mənəvi baxımdan bu işə hazırlıqlı olmalıdır: "Çünki çox güclü rəssam olsan belə sənin bir sıxıntın, mənfi hisslərin, emosiyaların suya da yansıyır. Amma ebru bunları qəbul eləmir, yəni pozitiv, müsbət hissləri qəbul edir.”
V. Karakaşlı əyani şəkildə ebru sənətinin incəliklərini gənclərə nümayiş etdirdi. O, qeyd etdi ki, təbii sənət olan ebrunun hazırlanmasında kimyəvi maddələrin qatışığı olmur: "Bunun üçün yalnız təbii ləvazimatlardan, torpaqdan alınma boyalardan istifadə edilir. Burada istifadə olunan su da xüsusidir, qatılaşdırılmış sudur. Boyalar da suyun üzərinə xüsusi fırçalarla səpilir”.
Mütəxəssis ebrunun dincəlmək üçün faydalı, zövq alınacaq bir sənət olduğunu vurğuladı.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti