Mayın 1-də Sumqayıt Dövlət Universitetində Türkmənistanın Azərbaycandakı səfirinin 1-ci katibi Batır Rəcəbov “Türkmənistanın daimi bitərəfliliyi: müasir erada xarici siyasət strategiyasında yeni keyfiyyət” mövzusunda tələbələrə seminar keçirdi.
Tədbiri giriş sözü ilən açan universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov Azərbaycan ilə Türkmənistan arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğuladı. Prorektor ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirdi.
Prorektor qeyd etdi ki, ulu öndər Heydər Əliyev Türkmənistan ilə siyasi, iqtisadi, mədəniyyət sahəsində əməkdaşlığa daim önəm verirdi, bu gün də Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla dostluq və qardaşlıq münasibətləri qarşılıqlı və dərin hörmət əsasında qurulub. Türkmənistanın birtərəfliliyinin beynəlxalq aləmdə tanınmasının 20-ci ildönümü ərəfəsində “Sülh və birtərəflilik ili” adı altında keçirdiyiniz silsilə tədbirə görə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekova universitetimizin rəhbərliyi və öz adımdan təşəkkür edirəm.
Türkmənistanın Azərbaycandakı səfirinin 1-ci katibi Batır Rəcəbov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmliyinə dəlalət etdiyini söylədi. O, iki dövlət arasında münasibətlərin gələcəkdə daha da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi və 20 oktyabr 2014-cü ildə Türkmənistan Ali Sovetinin qərarı əsasında 2015-ci il “Sülh və bitərəflilik ili” elan edildiyini diqqətə çatdırdı. Bu qərara uyğun olaraq biz də Azərbaycan və Türkmənistan əlaqələrinin hərtərəfli inkişaf etməsi üçün belə silsilə tədbirlərdən birinin SDU-da keçirilməsini təqdirəlayiq hesab edirik. Buna görə də bizə yaratdığı şəraitə görə universitetin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Sonda tələbələrin sualları cavablandırıldı.
Mətbuat xidməti