Mayın 14-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Magistrantların XV Respublika Elmi Konfransı keçirildi.
Universitetin rektoru Elxan Hüseynov iştirakçıları salamladı və konfransın işinə uğurlar arzuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanılmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini nəzərə almış, yüksək qiymətləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa təkan vermiş, sistemli tədbirlər həyata keçirmişdir. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində onların rolunu yüksək qiymətləndirmişdir.
Konfransın sədri Elxan Hüseynov vurğuladı ki, bügün Ulu Öndərin siyasi kursunu inamla davam etdirən cənab Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bilavasitə ölkəmizdə qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması üçün başlıca istiqamətləri müəyyənləşdirmişdir.
Rektor qeyd etdi ki, Təhsil Nazirliyinin xətti ilə XV Magistrantların Respublika elmi konfransı hər il Sumqayıt Dövlət Universitetində keçirilir. Bu ilki konfransa respublikamızın 13 ali təhsil müəssisəsindən və AMEA-nın institutlarından 680-dən çox məruzə materialları daxil olmuşdur. Belə konfransların keçirilməsində məqsəd gələcək nəslin elmə marağının artmasına və gənclərin hərtərəfli inkişafına xidmət edir. Bunun üçün də universitetimizdə təşkil edilən konfransa yaratdığı şəraitə görə təhsil naziri cənab Mikayıl Cabbarova minnətdarlığımı bildirirəm.
Konfransda Fəlsəfə və hüquq kafedrasının müdiri, professor, Əməkdar müəllim Həsən Sadıqov ümummilli lider Heydər Əliyevin bütün sahələrdəki əvəzsiz xidmətlərindən bəhs edərək dahi şəxsiyyətin elmdə, təhsildə, iqtisadiyyatda, siyasətdə və diplomatiyada novatorluq funksiyasından geniş söhbət açdı və gənc alimlərə elmin enişli-yoxuşlu yollarında uğurlar arzuladı.
Plenar iclasda çıxış üçün söz müxtəlif universitetləri təmsil edən magistrantlara verildi. Onlar da öz növbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Magistrantların XV Respublika elmi konfransının təşkilində SDU-nun rektoru Elxan Hüseynova və konfransda əməyi keçən bütün təşkilat komitəsinə təmsil etdikləri universitet rəhbərlikləri adından dərin təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, magistrantların konfransa təqdim etdikləri məruzə materialları iki hissədən, nəfis şəkildə universitetimizin mətbəəsində çapdan çıxmışdır.
İki gün keçiriləcək konfrans öz işini 15 bölmədə davam etdirəcəkdir.
Mətbuat xidməti