Mayın 20-də Sumqayıt Dövlət Universitetində “Sosial şəbəkələrin insanların həyatında yaratdığı psixoloji problemlər” mövzusunda seminar keçirildi.
Seminarda Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov çıxış edərək bildirdi ki, hər keçən gün inkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət etməkdədir. Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatımızda sosial şəbəkələrin müsbət tərəflərini müşahidə etsək də, kifayət qədər mənfi tərəflərini də görürük. Gənclər müstəqil həyata yenicə qədəm qoyduğundan istənilən vasitədən alınan yeni informasiya onların düşüncə tərzinə birbaşa təsir etmək gücünə malikdir. Bu fakt isə informasiyanı gənclər üçün təhlükəli məhfuma çevirir. Çox təəssüf ki, gənclərin sosial şəbəkələrdən istifadəsinə birbaşa təsir etmək mümkün deyil. Çünki biz demokratiya şəraitində yaşayırıq və bu baxımdan gənclərin azad inkişafı və şəxsi seçim azadlığını məhdudlaşdırmaq səlahiyyətinə malik deyilik.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov vurğuladı ki, internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün dünyanın müxtəlif yerlərindən minlərlə internet istifadəçiləri könüllü olaraq, öz vaxtlarını, təcrübə və biliklərini sosial şəbəkələrdə informasiya mübadiləsinə sərf edirlər. Araşdırmalar göstərir ki, sosial şəbəkələr çox nəhəng bir informasiya resursudur ki, bu layihələrə dünyanın müxtəlif dillərində, insanlar, hadisələr, məhsullar, təşkilatlar və s. haqqında küllü miqdarda məlumatlar daxil edilir. İnternet istifadəçilərinin çox hissəsi bu informasiyalardan istifadə etməklə ona etibar edirlər.
Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi İradə Hüseynova söylədilər ki, sosial şəbəkələrin meydana gəlməsi XXI əsrin ən böyük inqilablarından biri olmaqla yanaşı, bir sıra problemlər də yaradıb. Sosial şəbəkələrin mənfi təzahürlərindən gənclərin qorunması üçün ilk növbədə valideynlər maarifləndirilməlidirlər. Ailədə və təhsil ocaqlarında asudə vaxt düzgün dəyərləndirildiyi təqdirdə, gənclər virtual aləmə deyil, real fəaliyyətə üstünlük verəcəklər.
Filologiya fakültəsinin II kurs tələbələri Osman Osmanov, İnci Hüseynova, Nisə Rüstəmzadə videorolik vasitəsilə qeyd etdilər ki, son illər gənclər arasında sosial şəbəkələrin populyarlaşması onların aktivliyini artırmaqla yanaşı, mənfi meyllərə də yol açır: “Gənclər aktiv sosial həyat keçirirlər, əvvəlki illərə nisbətən daha çox məlumat əldə edə bilirlər. Bununla belə, sosial şəbəkələrin zərərli təsirləri də var. Biz gənclər bu cür təsirlərdən uzaq qalmalıyıq”. Sonda tələbələrin sualları cavablandırıldı.
Mətbuat xidməti