Filologiya fakültəsi Azərbaycan dili və dilçilik kafedrasının professoru, Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Aslan Əhmədxan oğlu Bayramov bir çox kitabların, deportasiya və soyqrıma aid olan onlarla məqalənin müəllifi, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kitabda onomastika anlayışı, onomastik mənbə, metod, onomastik vahidlərin quruluşu, onomastik terminlər, qadın və kişi adlarının məna növləri və mənşəyi, ləqəb, titul və təxəllüslərin onomastik sistemdə yeri və s. məsələlər şərh olunur. Bunlardan başqa, Azərbaycan toponimiyasında əks olunan oykonim, oronim və hidronimlərin linqvistik xüsusiyyətləri göstərilir və Türkiyə, Krım, Borçalı (Gürcüstan), Türkmənistan, Cənubi Azərbaycan (İran) və digər ölkələrdəki paralelləri müqayisə edilir. Bununla belə ktematonim zoonim, fitonim və kosmonimlərin növləri və digər xüsusiyyətləri, onomastik vahidlərin üslubi-poetik imkanları, Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlərin geniş işlənmə səbəbləri və s. nümunələrlə təqdim olunur.
Onomastikanın bəzi məsələləri, tədrisi asanlaşdıran bir çox məqamlar nümunələrlə göstərilir.
Ümumiyyətlə, “Azərbaycan onomastikası” adlı dərs vəsaitindən bakalavr və magistr pilləsində təhsil alan tələbələr, elmi tədqiqatla məşğul olan doktorantlar və dissertantlar, eləcə də, ali və orta məktəb müəllimləri faydalana bilər.
Mətbuat xidməti