Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | News | “Xalqımızın ana kitabı-Dədə Qorqud” elmi-nəzəri seminar
Yerləşdirilmə tarixi : 25 May 2015 15:09
“Xalqımızın ana kitabı-Dədə Qorqud” elmi-nəzəri seminar

May ayının 25-də SDU-nun kitabxanasında “Kitabi-Dədə Qorqud” un çap olunmasının 200 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli Sərəncamından irəli gələn tədbirlər planına uyğun olaraq Filologiya fakültəsi Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının əməkdaşlarının tələbələrlə birlikdə hazırladıqları “Xalqımızın ana kitabı-Dədə Qorqud” adlı elmi-nəzəri seminar keçirildi.
Tədbirdə  Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva  bildirdi ki, kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları eramızın  XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata alman şərqşünası Fridrix fon Dits cəlb etmişdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
O, həmçinin qeyd etdi ki,  "Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud"da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.
Tədbirdə professor Aslan Bayramov Qərbi Azərbaycanda  “Kitabi Dədə Qorqud” un leksikası ilə bağlı yer-yurd adları, elmi işçi Şeyda Quliyeva “Kitabi-Dədə Qorqud” da diyarşünaslıq motivləri, kiçik elmi işçi Lalə Həmzəyeva “Kitabi-Dədə Qorqud” tarixi etnoqrafiyamız, böyük laborant Balaş İskəndərov “Kitabi-Dədə Qorqud”dastanının tarixinə bir nəzər adlı məruzələrlə çıxış etdilər.
Həmçinin, universitetimizin tələbələri Fatimə İsmayılova “Kitabi-Dədə Qorqud”da qadın obrazları, Leyla Ələsgərova “Kitabi-Dədə Qorqud”da ailə-məişət mərasimləri, Xansənəm Hümmətova “Kitabi-Dədə Qorqud” da Qorqud ata müdriklik rəmzi kimi, Sona Həsənova “Kitabi-Dədə Qorqud” incəsənətdə mövzularında çıxışları ilə tədbiri yekunlaşdırdılar.

Mətbuat xidməti

ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-018-64-2-15-06
E-mail: info@sdu.edu.az