Sumqayıt şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin  birgə təşəbbüsü ilə 2 Fevral – Azərbaycan  Gəncləri Günü münasibətilə “Sumqayıt Gəncləri 2015-ci ildə – vəzifələr və  perspektivlər” mövzusunda şəhər gənclərinin toplantısı keçirildi.
  Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Baş İdarəsinin rəisi  Elşən Baxşəliyev respublikada gənclər siyasətinin əsasının qoyulmasının  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi və Gənclər gününün  yaranma tarixindən danışdı. 
  Məruzə ətrafında Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər  təşkilatının İdarə heyətinin üzvü Ceyhun Məmmədov, Sumqayıt Dövlət Universitetinin   “Ritorika Universal Klubu”nun sədri Arzu  Nəbizadə, YAP-ın Sumqayıt Dövlət Universitetinin ilk ərazi təşkilatı Gənclər  Birliyinin sədri Səma Əsədova, “Best Friends “Təhsil və Karyera” və “Panda  School” Məktəbəqədər Tədris mərkəzlərinin direktoru Elvin Dadaşov, “Azərkimya”  İstehsalat Birliyinin Gənclər təşkilatının sədri, Etilen-Politilen zavodunun  piroliz sahəsinin rəisi İlqar Qurbanov, 21 №-li tam orta məktəbin XI sinif  şagirdi Səma Məmmədzadə çıxış edərək dövlət başçısının uğurlu daxili və xarici  siyasətinin Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi ilə nəticələndiyini  və bu siyasətin aparıcı istiqamətlərindən birini gənclər siyasətinin təşkil  etdiyini qeyd etdilər.
  Sonra 2014-cü ildə fərqlənən gənclər və gənclər təşkilatları on yeddi  nominasiya üzrə Baş İdarənin mükafatları ilə təltif edildilər. Bu  tədbirdə Sumqayıt Dövlət Universitetini təmsil edən Aytən Niyazova Gənc alimlər  içərisində “Ən aktiv və məhsuldar fəaliyyətinə görə gənc alim” adına layiq  görülərək təltif olundu.
Onu da qeyd edək ki, Niyazova Aytən Ağaisa qızı  1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 1999-2003-cü illərdə BDU-da  bakalavr, 2003-2005-ci illərdə Bakı Dövlət Universitetində “Üzvi kimya” ixtisası  üzrə magistr pilləsini Fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildən  dissertant kimi elmi iş götürmüş, 2012-ci ildə müdafiə edərək kimya elmləri  üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını alıb. 2005-ci ildən SDU-nun Üzvi və  fiziki kimya kafedrasında çalışır. Niyazova Aytən 20 elmi əsərin, 1 patent və 2  dərs vəsaitinin müəllifidir.
Universitetimizin gənc  alimini təbrik edirik və  elmi  fəaliyyətində uğurlar arzulayırıq!
Mətbuat xidməti