Universitetimizdə Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması üzrə 516678-TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR layihəsi bakalavr və magistr təhsilinin akkreditasiyasına həsr olunmuş görüş keçirildi.
SDU-nun rektoru Elxan Hüseynov Köln Tətbiqi Elmlər Universitetinin professoru Reza Talebi- Daryanini qəbul edərək, onu yenidən universitetimizdə gördüyündən məmnun olduğunu ifadə etdi.
Layihənin koordinatoru, professor Reza Talebi- Daryani səfərinin əsas məqsədinin martın 29-dan aprelin 2-nə qədər Almaniyanın ASİİN akkreditasiya təşkilatı tərəfindən Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında üç bakalavr və üç magistr proqramların akkerditasiya olunmasına hazırlıqla bağlı olduğunu açıqladı. Layihənin koordinatoru Reza Talebi- Daryani son dövrlər SDU-da görülən və həyata keçirilən layihələrin uğurlarından, hal-hazırda universitetdə yaradılan Avropa təhsil sisteminin standartlarına cavab verən texniki avadanlıqlarla təmin olunan laboratoriyaların səviyyəsini yüksək qiymətləndirdi.
Universitetin rektoru Elxan Hüseynovun rəhbərliyi ilə keçirilmiş işçi görüşdə akreditasiyaya hazırlıq işlərinin planı müzakirə edildi. Bildirildi ki, layihədə mühəndis təhsilinin təkmilləşdirilməsi və TEMPUS layihələrinin akkreditasiyası nəzərdə tutulub. Qiyabi və distant təhsil üzrə prorektor dosent Qafar Atayev layihənin əlaqələndirici şəxsi, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov layihənin ixtisas rəhbəri, rektorun müşaviri, dosent Ulduz Ağayev və dosent Ramiz Hüseynov layihədə qiymətləndirmə üzrə məsul şəxs təyin olundular.
Layihə ətrafında maraqlı müzakirələr aparıldı.
Mətbuat xidməti