Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | News | Sumqayıt Dövlət Universitetində 31 mart soyqırımının 97-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
Yerləşdirilmə tarixi : 31 March 2015 00:00
Sumqayıt Dövlət Universitetində 31 mart soyqırımının 97-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

Sumqayıt Dövlət  Universitetində  31 mart soyqırımının 97-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Əvvəlcə 31 mart soyqırımında həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri universitetin rektoru Elxan Hüseynov açaraq bildirdi ki,  XX əsrin əvvəllərində xalqımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı dövrlərdə də davam etdirilmiş, 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar.
Rektor qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı imzalamasından 17 il ötür. Həmin Fərmana əsasən, 31 mart - Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Həmin sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.
Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilir, Azərbaycanın ədalətli mövqeyi dəstəklənir.
Onu da vurğuladı ki,  gənclərin bu faciələr barədə, xalqımızın başına gətirilən soyqırımı aktları ilə bağlı mütləq məlumatlı olmasının və bu istiqamətdə tariximizi daha dərindən öyrənməsi  üçün bu gün dərslərin ilk saatı 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olundu. Dəyərli ziyalılarımızın qələmə aldığı tarixi həqiqətlər Sumqayıt Dövlət Universitetinin saytında öz əksini tapmışdır. Həmçinin universitetin professoru Aslan Bayramovun  “Tarixi faciələrimiz: Deportasiya, Repressiya və Soyqırımı” dərs vəsaiti nəfis şəkildə çap edilmişdir. Kitabdan bakalavr, magistr və doktorantlar, eləcə də müəllimlər dərs vəsaiti kimi faydala bilərlər.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin iki yüz ilə yaxın tarixi olduğunu vurğuladı, Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülüb yerləşdirilərək, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınların törədilməsi haqqında geniş məlumat verdi, xalqımıza qarşı təcavüzün bu gün də davam etdiyini, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü göstərdiyini qeyd etdi.
Professor Aslan Bayramov, Tarix fakültəsinin II kurs tələbəsi İbrahim Zeynallı, şair Əvəz Mahmud Lələdağ  və başqaları öz çıxışlarında ermənilərin dəhşətli əməllərinin bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymət verilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyətini vurğuladı, bu siyasətin hazırda da davam etdiyini və dünya ictimaiyyətinin soyuq münasibətini qeyd etdilər.

Mətbuat xidməti

ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-018-64-2-15-06
E-mail: info@sdu.edu.az