Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsinin tələbəsinin əl işlərindən ibarət sərgi təşkil olundu
Yerləşdirilmə tarixi : 05 Dekabr 2018 15:47
Mühəndislik fakültəsinin tələbəsinin əl işlərindən ibarət sərgi təşkil olundu
Dekabrın 5-də universitetin foyesində Mühəndislik fakültəsinin tələbəsi Əliturab Kazımlının prioqrafiya (ağac üzərində yandırma) üsulu ilə işlədiyi əl işlərindən ibarət sərgisi təşkil olundu. Sərgi professor-müəllim və tələbə heyətinin marağına səbəb oldu.
Əliturab Rəşidoğlunun incəliklə yaratdığı sənət əsərindən olan milli qəhrəmanımız Mübariz İbrahimovun portreti və SDU-nun loqosu xüsusilə diqqət cəlb etdi.
Sərgidə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Əliturab Kazımlının fitri istedadından söhbət açdı. Bildirdi ki, bu sərginin keçirilməsi tələbələrimiz arasında milli-mənəvi dəyərlərə bağlılığın təbliğ olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən sənət əsərlərinin aşkarlanmasına xidmət edir. Sərgiyə təqdim etdiyi əl işləri zövqlə işlənmişdir. Dosent Ulduz Ağayev onu da qeyd etdi ki, hər bir xalqın tarixi onun yaratdığı sənətkarlıq nümunələrində yaşayır. Bəşəriyyətin ilkin yaranış dövründən başlayaraq bu günə kimi xalq sənətkarlığı müxtəlif inkişaf mərhələləri keçib. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Bu zərurəti əsas götürən Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpası istiqamətində mühüm qərarlar qəbul etmişdir. Azərbaycanın bölgələrində yeni tarix-diyarşünaslıq muzeyləri tikilmiş, xalq sənətinin inkişafına və mövcud nümunələrin mühafizəsinə diqqət artırılmışdır. Prezidenti cənab İlham Əliyev də milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə çatdırmağı istiqmətində böyük işlər görmüşdür. Bütün bunlar öz nəticəsini göstərmiş, bu sahədə sistemli tədbirlər həyata keçirilmişdir. Tarixi abidələrə yeni həyat verilmiş, xalq yaradıcılığı günləri təşkil olunmuş, milli kökə bağlılıq nümayiş etdirilmişdir. Ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq, taxta üzərində oyma kimi qədim sənət sahələri qorunub saxlanılmışdır.
Əliturab Kazımlı sərginin universitetetdə təşkili üçün universitetin rektoru professor Elxan Hüseynova, fakültə dekanı dosent Ulduz Ağayevə dərin təşəkkürünü bildirdi qeyd etdi ki, bu sənətkarlıq sahəsi ilə sevə-sevə məşğul olur və məqsədi uzun illər xalqımızın bu nadir sənət sahəsini yaşatmaqdır.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az