Elmi Şuranın tərkibi Təhsil Nazirliyinin 10.11.1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssiəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq formalaşdırılmışdır.
Tutduğu vəzifəyə görə Elmi Şuranın tərkibinə rektor, prorektorlar, Tədris Metodiki Mərkəzin direktoru, Elmi katib, fakültə dekanları, Həmkarlar İttifaqı Komitəsinin sədri, uyğun şöbə müdirləri, Tələbə gənclər təşkilatlarının, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri daxildir. Elmi Şuranın digər üzvləri fakültə əməkdaşlarının ümumi yığıncağında gizli səsvermə yolu ilə seçilmişdir.
Elmi Şura universitetin perspektiv inkişafı üçün müvafiq prinsipial funksiyaları həyata keçirir, qanunverici bir orqan kimi müxtəlif sahələr üzrə universitetin fəaliyyətini tənzimləyir. Tanınmış elm və dövlət xadimlərinə SDU-nun fəxri adlarının verilməsi, professor və s. vəzifələrinə seçkilərin keçirilməsi, adlı təqaüdlərin təsis edilməsi və digər funksiyaları yerinə yetirir. Elmi Şura fakültələrin, kafedraların, laboratoriyaların yaradılması, zəruri struktur dəyişikliklərinin həyata keçirilməsi, universitetin istedadlı və əlaçı tələbələrini hərtərəfli qayğı ilə əhatə etmək üçün müvafiq qərarlar qəbul edir.
Universitet əməkdaşlarına elmi adların (dosent, professor və s.) verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında Elmi Şura vəsatət qaldırır, zərurət yarandıqda SDU-nun Nizamnaməsinə əlavələr və dəyişikliklər edir.
SDU-nun QS-Dünya universitetlərinin reytinq cədvəlində qərarlaşması üçün hazırlanmış xüsusi Fəaliyyət planı Elmi Şuranın iclasında geniş müzakirə olunmuş və təsdiq edilmişdir. Fəaliyyət planına uyğun olaraq, SDU-nun beynəlxalq nüfuzunun, o cümlədən işəgötürənlər arasında nüfuzunun artırılması, Elmi-metrik göstəricilərinin yüksəldilməsi, müəllim-tələbə nisbətinin beynəlxalq normalara uyğunlaşdırılması, əcnəbi müəllim və tələbələrin sayının artırılması, məzunların məşğulluq göstəricilərinin yüksəldilməsi və digər məsələlər diqqət mərkəzində saxlanılır.
2023/2024-cü tədris ilində aparılan məqsədyönlü tədbirlər və mütəxəssislərin fədakar əməyi sayəsində Sumqayıt Dövlət Unversiteti QS-in Avropa Universitetlərinin Reytinqində 483-cü, Qərbi Asiya universitetləri arasında 31-ci, Azərbaycan universitetləri arasında 5-ci pillədə qərarlaşmışdır. Azərbaycandan QS Reytinqinə daxil olan ilk regional universitet SDU-dur. Ümumilikdə, QS-Avropa Universitetlərinin Reytinq siyahısına Azərbaycandan 9 universitet daxil olmuşdur.
Elmi Şuranın qərarı ilə SDU-da bir sıra islahatlar aparılmış Kimya və biologiya fakültəsi yenidən formalaşdırılaraq, Təbiət elmləri fakültəsi adlandırılmış və bütün təbiət elmlərinə aid ixtisaslar bu fakültənin tərkibinə verilmişdir. Bütün Mühəndis ixtisasları isə Mühəndislik fakültəsinin tərkibinə verilmişdir. Həmçinin Doktorantura və magistratura şöbəsi ilə Elmi hissə birləşdirilərək, Magistratura, doktorantura və elm şöbəsi; Strateji İnkişaf Mərkəzi ilə Təhsildə keyfiyyət təminatı şöbəsi birləşdirilmiş, yeni Keyfiyyət təminatı və Strategiya şöbəsi yaradılmışdır.
SDU-nun müasir tələblərə və çağırışlara uyğun inkişafını təmin etmək məqsədilə universitetdə yeni şöbə - Layihələrin idarə edilməsi şöbəsi yaradılmışdır.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar, Tədbirlər planına uyğun olaraq, bütün tədbirlər SDU-da yüksək səviyyədə keçirilmiş və yekun hesabat Elmi Şuranın 27.12.2023-cü il tarixli iclasında dinlənilmişdir.
2024-cü ilin ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar planlaşdırılmış tədbirlər yüksək səviyyədə yerinə yetirilir və davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Forum”, “ Gənc alimlərin yeni çağırışlara cavab verən elmi-tədqiqat perspektivləri”, “Təbiət fənn müəllimlərinin forumu” və digər tədbirlər çox yüksək səviyyədə keçirilmişdir.
SDU-ya 500 baldan yüksək akademik göstəricilərlə qəbul olunan tələbələrin təhsilə və elmi yaradıcılığa marağını artırmaq məqsədilə onlara əlavə təqaüd (200 AZN) verilməsi qərara alınmışdır.
Elmi Şura öz iclaslarında universitetin mühüm təhsil və elm siyasətini, beynəlxaq əlaqələrin prioritet istiqamətlərini, kadr və sosial məsələləri, SDU-nun infrastrukturunun inkişaf etdirilməsini və digər perspektiv planların yerinə yetirilməsini təmin etmək üçün müvafiq qərarlar verir.
Elmi Şuranın qərarı ilə SDU-da Heydər Əliyev Mərkəzi yaradılmışdır. Elmi Şura Universitetin Strateji İnkişaf Planını təsdiq edir, SDU əməkdaşlarının beynəlxalq layihələrdə iştirakına və sərbəst halda beynəlxalq layihələrin hazırlanmasına və həyata keçirilməsinə dair qərarlar qəbul edir. Elmi Şuranın qərarı ilə SDU-nun tarixində ilk dəfə olaraq 2017-ci ildən başlayaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir. SDU-nun tarixində ən böyük nailiyyətlərdən biri Elmi Şuranın vəsatəti əsasında Dissertasiya Şurasının yaradılmasıdır. Hazırda universitetdə 2 ixtisas üzrə Dissertasiya Şurası fəaliyyət göstərir.
FD 2.24 Dissertasiya şurası (Filologiya elmləri üzrə)
1. 5706.01- Azərbaycan dili (filologiya)
2. 5716.01 - Azərbaycan ədəbiyyatı (filologiya)
Elmi Şuranın qərarı ilə SDU-da “Heydər Əliyev adına” və “Nizami Gəncəvi adına” adlı təqaüdlər təsis edilmişdir. 2016-cı ildən Multikulturalizmin nəzəri və praktik əsaslarının bakalavriat və magistratura səviyyəsində fənn kimi tədris edilməsi qərara alınmışdır.
SDU Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının üzvüdür. SDU Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və Qafqaz Universitetləri Assosiasiyasının üzvüdür. Həmçinin Avrasiya Universitetləri Assosiasiyası ilə əməkdaşlıq edir.
Elmi Şuranın qərarı ilə Almaniyanın Lüdviqshafen şəhərinin ober-burqomistri, Almaniya Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Dr.Yeva Lohseyə, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru R.N.Baxtizinə və Türkiyə Cümhuriyyəti Hacəttəpə Universitetinin Lüğətçiliyin Tədqiqi və Tətbiqi Mərkəzinin direktoru prof. Haluk Şükrü Akalına SDU-nun “Fəxri Doktoru” adı verilmişdir.
Elmi Şuranın iclasları tədris ili ərzində ayda bir dəfə keçirilir. Elmi Şura vaxtaşırı olaraq universitetin tədris və elmi-tədqiqat işlərinin planlarını təsdiq edir, fakültələrin, kafedraların və digər struktur bölmələrin hesabatlarını dinləyir. Elmi Şura tədris ili üçün nəzərdə tutulmuş və təsdiq olunmuş plan üzrə işləyir, bu planlar Elmi Şurada müzakirə edilərək qəbul olunur və rektor tərəfindən təsdiq edilir.
Hazırda Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 48 nəfər üzvü vardır. Elmi Şuranın sədri universitetin rektoru Rüfət Əzizov, Elmi katib prof. M.M.Səmədovdur.