“Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbi
Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə iyulun 14-dən 21-dək “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinə yüksək səviyyədə ev sahibliyi etdi. “Yay məktəbi” çərçivəsində müxtəlif seminar, görüş, dəyirmi masa, əlverişli turizm məkanlarınına ekskursiya təşkil edildi və tələbələr ölkəmizin tarixi- memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış oldular. Tələbə Yay Məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrinin ümumilikdə 70-ə yaxın tələbəsi iştirak etdilər.
Sumqayıt Dövlət Universitetində iyulun 15-də “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə Yay Məktəbinin təntənəli açılış mərasimi Şanı restoranlar şəbəkəsinin Ludviqshafen parkındakı filialında keçirildi.
Öncə rektor professor Elxan Hüseynov və iştirakçılar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoydular. Sonra qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.
Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında davam edən tədbiri rektor professor Elxan Hüseynov açaraq, professor-müəllim və tələbə heyətini salamladı,onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Rektor Azərbaycanla – Rusiya Federasiyası arasında dostluq əlaqələrinin mövcudluğundan və ölkələrimiz arasında iqtisadi, mədəni, o cümlədən elm və təhsil sahəsində ikitərəfli münasibətlərimizin inkişafından bəhs etdi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Bakı Slavyan Universitetinin prorektoru professor Telman Cəfərov, Ufa Dövlət Neft Texniki Universitetinin tələbələrinin qrup rəhbəri Albina Nəbiyeva, UDNSU-nun tələbəsi Diana Rinatovna , SDU-nun Fizika və elektroenergetika fakültəsinin tələbəsi Leyla Nəbiyeva çıxış edərək yay məktəbinin əhəmiyyətindən bəhs etdilər. Təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, bu gün keçirilən tədbir iki ölkə arasında yüksək səviyyəli əlaqələrə daha bir nümunədir. Onlar universitetlərimiz arasında tələbə-müəllim mübadiləsinin əməkdaşlığımızın inkişafına töhfə verəcəyini qeyd etdilər.
Tədbir universitetin bədii özfəaliyyət iştirakçılarının çıxışları ilə davam etdi.
Sonra universitetlə tanışlıq başladı. Tələbələr Tədris laboratoriyalarında oldular bunlardan, Ölçmə və sensor sitemləri laboratoriyası, İnformasiya texnologiyaları və sistemləri laboratoriyası, İxtisaslaşdırılmış auditoriyalar, Onlayn konfrans zalı, Ümumi tarix, Arxeologiya və etnoqrafiya, zəngin elmi kitabxana, geniş idman kompleksi ilə tanış oldular. Həmçinin qonaqlar Xəzərin incisi sayılan Sumqayıt şəhəri ilə tanış oldular. Qonaqları Heydər Əliyev parkında yerləşən Heydər Əliyev Mərkəzində, Bayraq Muzeyində, Mavi Xəzərin sahilində yerləşən Sumqayıt Bulvarı və Dənizkənarı Park qonaqları heyran etdi. Sonra Lüdviqshafen parkı ilə tanış olan qonaqlara məlumat verildiki, Sumqayıt “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biridir. Bu gün dünyanın 10 ölkəsinin 12 şəhəri ilə dostluq əlaqələri olan Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. O da diqqətə çatdırıldı ki, Lüdviqshafen şəhərinin oberburqomistri xanım Yeva Louze Sumqayıt-Lüdviqshafen şəhərləri arasında dostluq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə Sumqayıt Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları Bakı Dövlət Universitetində olub, «Elm və ali təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı» adlı dəyirmi masada iştirak etdilər. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva yay məktəbinin iştirakçılarını salamladı və universitetinin tarixi, beynəlxalq əlaqələri və Rusiya universitetləri ilə qarşılıqlı əməkdaşlığından bəhs etdi. Yay məktəbinin iştirakçıları universitetin tədris və tədqiqat laboratoriyaları, muzey və mərkəzləri ilə tanış oldu, Rus Mərkəzinə baş çəkdilər.
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Qafar Atayevin rəhbərliyi ilə ADA Universitetində oldular, dəyirmi masada iştirak etdilər. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə yay məktəbinin iştirakçılarını salamladı, universitetinin tarixi, beynəlxalq əlaqələri və Rusiya universitetləri ilə qarşılıqlı əməkdaşlığından bəhs etdi. Görüş zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev xarici tələbələrə “Azərbaycan-Rusiya münasibətləri” haqqında mühazirə oxudu.
Elə həmin gün Təhsil naziri cənab Ceyhun Bayramov ölkəmizdə keçirilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin təşkili ilə bağlı Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrləri ilə görüşdü. Görüş zamanı iki ölkə arasında yüksək səviyyəli siyasi və tarixi əlaqələrdən bəhs edildi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğu vurğulandı və birgə həyata keçirilən layihələrlə bağlı məlumat verildi.
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetinin (BSU) kollektivi ilə görüşdülər, Erasmus + PETRA layihəsi çərçivəsində yaradılan Tədris-təlim mərkəzi, Rusiya Mədəniyyət mərkəzi, akt zalı, universitet kitabxanası və muzeyi, Şəhidlər guşəsi ilə yaxından tanış oldular. Qonaqları universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov qəbul etdi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri, bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı, tədris proqramlar barədə ətraflı məlumat verdi.
Dosent Qafar Atayevin rəhbərliyi ilə tələbələr Qobustan Milli Tarix-Bədii Qoruğunda oldular və Azərbaycanın qədim bölgələrindən olan Quba rayonuna səfər etdilər. "Yay Məktəbi”nin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində, Quba Tarix-Diyarşünaslıq Muzeyində həmçinin, dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı qəsəbədə sakinlərinin yaşam tərzi ilə maraqlandılar, ölkəmizin multikulturalizm və tolerantlığın mərkəzi olduğunun bir daha əyani şahidi oldular.
İyulun 19-da Təhsil nazirinin müavini Firudin Qurbanov Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşdü, iki ölkə arasında yüksək səviyyəli siyasi və tarixi əlaqələrə toxundu.
Qeyd edək ki, “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbi çərçivəsində tələbələr müasir standartlara uyğun Univerium yataqxanasında qaldılar, gündə 3 dəfə yeməklə təmin olundular.
İyulun 20-də Sumqayıt şəhərində yerləşən "Şam" istirahət mərkəzində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbinin təntənəli bağlanış mərasimi oldu, iştirakçılar sertifikatlarla təltif edildi.