Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları orta məktəblərdə görüş keçirdilər
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov kafedranın əməkdaşları ilə birgə vaxtaşırı olaraq Sumqayıt şəhərində yerləşən 23, 26 və 3 saylı orta məktəblərdə X, XI sinif şagirdləri ilə görüşlər keçirir, Sumqayıt Dövlət Universitetinin əldə etdiyi nailiyyətlərindən və fəaliyyət istiqamətlərindən bəhs edirlər.
Görüş zamanı universitetimizin maddi-texniki bazası, tələbələr üçün yaradılmış şərait, kitabxana və tədrisin vəziyyəti haqqında ətraflı məlumat verilir. Bununla yanaşı, şagirdlərin diqqətinə çatdırılır ki, Sumqayıt Dövlət Universitetində təhsil almaq onlar üçün daha əlverişlidir. Çünki 4 il ərzində çəkdikləri nəqliyyat və digər xərclər,vaxt itkisi dərsin davamiyyətinə ciddi təsir edir, bu da Bolonya prosesinin tələblərinə tamamilə ziddir. Həmçinin Sumqayıt Dövlət Universitetinin verdiyi təhsil və diplom ölkəmizdə fəaliyyət göstərən digər dövlət ali təhsil müəssisələrinin verdiyi diplomlarla eyni hüquqa malikdir. Bu gün sizin əldə etdiyiniz bilik və savad gələcəkdə ölkəmizin kadr potensialını zənginləşdirəcəkdir. Bunun üçün əzmlə çalışmalısınız.
Bu görüşün nəticəsi olaraq, dekabrın 22-də Sumqayıt şəhər 23 saylı orta məktəbin yuxarı siniflərdən ibarət bir qrup şagirdi Sumqayıt Dövlət Universitetində tələbələr üçün yaradılmış şəraitlə daha yaxından tanış olmaq məqsədilə universitetimizdə oldular. Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov şagirdləri universitetimizdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, tarix üzrə fənn kabinələri, kitabxana və tədris üçün nəzərdə tutulmuş auditoriyalarla əyani tanış etdi.
Qeyd edək ki, kafedra əməkdaşlarının Sumqayıt şəhər orta məktəblərində görüşləri davam edir. Bununla yanaşı, 2018-2019-cu tədris ilinin sonlarına yaxın Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası tərəfindən Sumqayıt şəhər orta məktəbləri arasında “Azərbaycan tarixi fənnindən” fənn olimpiadasının keçirilməsi nəzərdə tutulub.
Mətbuat xidməti