“Heydər Əliyevin azərbaycançılıq ideologiyası” mövzusunda məşğələ
Dekabrın 27-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyevin azərbaycançılıq ideologiyası” mövzusunda növbəti məşğələ keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı, mənəvi dəyərlərin təbliğindəki fəaliyyətinin işıqlandırılması istiqamətində əvəzsiz rolu barədə danışdı. Bildirdi ki, milli ideologiyamızın tarixi kökləri xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində, müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı, qurucusu, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda və digər ölkələrdə məskunlaşıb. Məhz bu miqyasda “sosial gücün” vahid hədəf ətrafında və ölkənin maraqları naminə birləşdirilməsi üçün xalq güclü iradəyə, rasional düşüncəyə malik liderə və ideologiyaya ehtiyac duyurdu. Xalqın yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və siyasət arenasına çıxara biləcəyi yeganə şəxsiyyət isə Ulu öndər Heydər Əliyev idi. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən görkəmli siyasi xadiminin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə əsaslanan ideologiya təşkil edirdi. Onun rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır. Bu siyasi kursun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildi. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Hər birimiz azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməli, ölkənin inkişafı üçün əlimizdən gələni etməliyik.
Tədbirdə Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri dosent Səvvarə Rzaquliyeva “Dövlətçiliyimizin möhkəmlənməsində Heydər Əliyevin azərbaycançılıq ideologiyasının rolu”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Dünya azərbaycanlılarını birləşdirən möhtəşəm gün- 31 Dekabr”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Cavid Məmiyev “İlham Əliyevin multikulturalizm siyasəti”, Riyaziyyat fakültəsinin III kurs tələbəsi Ülkər Laçınova “Milli mənəvi dəyərlərimizin hamisi – Heydər Əliyevin adını daşıyan fond” mövzularında məruzə ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, rəhbərliyi dövründə azərbaycançılıq istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atıldığından bəhs etdilər. Bildirdilər ki, Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin həyatının, irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə tələbələr arasında «Ən yaxşı məqalə» müsabiqəsində yer tutan qaliblərə rektor professor Elxan Hüseynov tərəfindən pul mükafatı və Fəxri Fərman təqdim olundu.
Tədbirdə həmçinin partiyaya yeni daxil olan tələbələrə üzvlük bileti təqdim olundu.
Mətbuat xidməti