Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirildi
Yanvarın 23-də Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclasın gündəliyində olan məsələlər barədə şura üzvlərinə məlumat verdi və bildirdi ki, Təhsil naziri cənab Ceyhun Bayramovun 07.01.2019-cu il tarixli F-04 nömrəli əmri ilə Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının yeni tərkibi təsdiq olunmuşdur. Rektor diqqətə çatdırdı ki, bu gün Elmi Şura yeni tərkibdə fəaliyyətə başlayır. Bu münasibətlə Elmi Şura üzrvlərini təbrik etdi, onlara uğurlar arzuladı.
Sonra gündəlikdə olan məsələlər müzakirə olundu.
Öncə Şuranın Elmi katibi seçildi, Təhsil və elm, sosial-iqtisadi və maliyyə təsərrüfat fəaliyyəti və Nizam- intizam komissiyaları yaradıldı. Elmi Şuranın əvvəlki illərdə fəaliyyəti dövründə professor Muxtar Səmədovun Elmi katib vəzifəsini məsuliyyətlə apardığı qeyd olundu və o, yenidən Elmi Şuranın katibi seçildi. Təhsil və elm komissiyasının sədri Bərk cisim və yarımkeçiricələr fizikası kafedrasının müdiri professor M.Zərbəliyev, sosial-iqtisadi və maliyyə təsərrüfat fəaliyyəti komissiyasının sədri Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dos. L.Abdullayev və Nizam-intizam komissiyasının sədri İnformasiya və kompüter texnikası kafedrasının professoru N.Kazımov seçildilər.
Sonra 2018-ci ildə universitetdə görülmüş işlər haqqında hesabat dinlənildi. Humanitar məsələlər üzrə prorektor dos. R.Hüseynov 2018-ci ildə görülmüş işlərin sistemləşdirilmiş formada təhlilini verdi. Qeyd olundu ki, SDU-da Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin sərəncam və təlimatları, SDU-nun Elmi Şurasının qərarları və rektorunun əmrləri və müvafiq fəaliyyət planında nəzərdə tutulmuş tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir. SDU-nun tarixində ilk dəfə olaraq Dissertasiya şurasının yaradılması və Elmlər doktoru proqramı üzrə doktorant hazırlığının həyata keçirilməsi, fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığının genişləndirilməsi təmin olunmuşdur. 2018-ci ildə 11 nəfər əməkdaşımız fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru, 6 nəfər isə dosent elmi adı almışdır. Hazırda fəlsəfə doktoru elmi adı almaq üçün 19 nəfərin və dosent elmi adı almaq üçün 7 nəfərin işinə AAK-da baxılmaqdadır.
Dos. R.Hüseynov onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu bir daha nümayiş etdirir. Bir qrup əməkdaş və məzunlarımız yeni 2018 - 2019-cu tədris ilindən laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlamışlar. Gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması günün prioritet sahələrindəndir. Bu səbəbdən universitetdə doktorantura və dissertanturaya qəbul keçirilən ixtisasların sayı əvvəlki illərə nisbətən artırılmışdır. Cari tədris ilində müxtəlif ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə 17 nəfər doktorant və 9 nəfər dissertant, elmlər doktoru proqramı üzrə 4 nəfər doktorant və 3 nəfər dissertant qəbul olunmuşdur.
Hesabat ilində universitetimiz Avropa ittifaqı tərəfindən verilmiş bir neçə qrant layihəsində tərəfdaş universitet kimi iştirak etmiş və Avropa Komissiyasının maliyyələşdirdiyi 2019-cu il üçün 2 ERASMUS+ layihəsi hazırlamışdır.Yeri gəlmişkən, qeyd edək ki, SDU-nun əməkdaşlarının 3 layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil inteqrasiyası” məqsədli qrant müsabiqəsinin qalibi olmuşdur.
SDU ilə bir çox xarici universitetlər arasında ikitərəfli və coxtərəfli formatda müqavilələr imzalanmış və əməkdaşlıq genişləndirilmişdir.
Qeyd edək ki, 2018-ci ildə Sumqayıt Dövlət Universitetində 4 beynəlxalq və 4 respublika səviyyəli elmi konfrans keçirilmişdir. Universitetimiz Azərbaycan Milli Elmlər Akademiyasının İnstitututları ilə sıx əməkdaşlıq edir, müqavilələr imzalayır, beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edirlər.
Rusiya – Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində əməkdaşlıq beynəlxalq konfrans, seminar, olimpiada, forum, nəşrlər, yubiley və beynəlxalq layihədə iştirak istiqamətində aparılmış, qarşılıqlı səfərlər həyata keçirilmiş, əməkdaşlıq müqavilələri imzalanmışdır. 2018-ci ildə 40 nəfər əməkdaş xarici ölkələrdə təlim keçmişdir. Eyni zamanda tələbələrimiz də təkcə mübadilə proqramlarında deyil, bir sıra qabaqcıl universitetlərdə keçirilən konfrans və olimpiadalarda da fəal iştirak etmişlər.
Həmçinin tədris prosesində əldə edilən biliklərin təcrübədə tətbiqi universitetin əsas hədəfidir. Bütün bunlar tələbələrin istehsalat təcrübəsinin təşkili, onların bacarıqlarının üzə çıxarılması, yeni nəsil peşəkarların yetişdirilməsi üçün unikal bir stimuldur. Hazırda universitetin tələbələri SOCAR-ın müxtəlif müəssisələrində, həmçinin Azərbaycanda və xaricdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə təcrübə keçirlər. Onların arasında Türkiyədəki PETKİM və digər zavodlar da var.
Hesabat ilində tələbələrin fəallığının artırılması baxımından bir sıra işlər görülmüşdür. SDU-da TEC-in fəaliyyəti gücləndirilmiş, struktur bölmələri yenidən təkmilləşdirilmişdir. Tələbələrimizin kütləvi şəkildə elmi-tədqiqat işlərinə cəlb olunması həyata keçirilmiş, aparılan elmi tədqiqatların nəticəsinə həsr olunmuş yekun elmi seminar və IV Tələbə elmi konfransı keçirilmişdir. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi tələbələrin elmi-tədqiqat, innovativ düşüncə tələb edən işlərə cəlb olunması ilə sıx əlaqədardır. “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turunda tələbələrimizin “Smart Reaktor” komandası təqdim etdiyi layihəyə görə finalda II yerə layiq görülmüşdür. Tələbələr arasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ən yaxşı məqalə müsabiqəsi” keçirilmiş, qaliblər mükafatlandırılmışlar. Ölkəmizin ali məktəb tələbələri arasında keçirilən “Nə?, Harada?, Nə zaman?” və “Xəmsə” kimi bilik yarışlarında tələbələrimiz dəfələrlə uğurla çıxış etmiş və layiqli yerlər tutmuşlar.
Universitetdə ilk Debat Forumu keçirilmişdir. Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun TV liqasının 1/8 mərhələsində universitetimizin “Subaylar” komandası müvəffəqiyyətli çıxışına görə diplomla təltif olunmuşdur. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz. Universitetimiz ictimai-siyasi sahədə də uğurlar əldə etmişdir. Belə ki, rəhbərliyin, ictimai təşkilatların və kollektivin birgə fəaliyyəti ilə bütün dövlət əhəmiyyətli tarixi günlər, bayramlar, anım günləri mütəşəkkil qaydada qeyd olunmuş, görkəmli elm, təhsil və mədəniyyət xadimləri, teatr və musiqi kollektivləri ilə görüşlər təşkil olunmuş, dəfələrlə tarixi günlərə və bayramlara həsr olunmuş şənliklər, ümumuniversitet iməcilikləri, qanvermə aksiyaları keçirilmiş, müxtəlif məqsədli səfərlər təşkil olunmuşdur. SDU-da əlamətdar günlərdə kollektivin bütün üzvlərinə rektorun əmri ilə mükafat verilmişdir. Ümumiyyətlə, SDU-da görülən bütün işlər, aparılan islahatlar və tədbirlərin nəticəsidir ki, uğurlarımız kifayət qədər yüksək olmuşdur.
Universitetdə elmimizə, ədəbiyyatımıza, incəsənətimizə təhfələr vermiş görkəmli şəxsiyyətlərin yaradıcılıqları ilə bağlı tədbirlərin və yubileylərin keçirilməsi bir ənənə halını almışdır. Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Bir ömrün manifesti”, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş “Müdrik ömrün akkordları”, Azərbaycan dilinin və ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan ədəbiyyatşünas alim Bəkir Çobanzadənin anadan olmasının 125-ci ildönümünə həsr olunmuş “Yarımçıq qalmış ömrün hekayəti”, Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tələbə konfransı, dilçi alim, türkoloq Hadi Mirzəzadənin anadan olmasının 110-cu ildönümünə həsr olunmuş “Dilimizin tarixinə işıq tutan alim” adlı yubiley tədbirləri tələbələrimizin marağına səbəb olmuşdur.
Sumqayıt Dövlət Universiteti milli təfəkkürə, müasir düşüncəyə, analitik təhlil qabiliyyətinə malik gənclərin peşəkar kadr kimi formalaşmasında xüsusi rol oynayır, bu da Prezident cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində apardığı uğurlu siyasətin və müasir təhsil sahəsinə göstərdiyi dövlət qayğısının bariz nümunəsidir.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov SDU-da elmi-tədqiqat işlərini daha da stimullaşdırmaq məqsədilə elmi məqalələri yüksək impakt-faktorlu elmi jurnallarda dərc olunmuş əməkdaşların qiymətləndirilməsi üzrə mükafatlandırılması sisteminin tətbiqi barədə məlumat verdi. Qeyd etdi ki, “Clarivate Analytics” “Skorpus”, “REİİ” (РИНЦ) beynəlxalq səviyyədə tanınmış şirkətdir, məlumat bazasıdır. Onların təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartları səviyyəsinə çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Həmin məlumat bazasından istifadə edərək alimlər öz ixtisaslarına uyğun elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və öz elmi əsərlərinin nəşri üçün yüksək impakt-faktorlu jurnallar seçmək imkani əldə edəcəklər. Məqalələri yüksək impakt-faktorlu elmi jurnallarda dərc olunmuş əməkdaşların təcrübəsinin universitetimizdə tətbiq olunmasının vacibliyi diqqətə çatdırıldı.
Müəllimlərin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Elmi Şuranın 23.01.2019-cu il tarixli iclasında müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi və universitetin rektorunun R-09 saylı, 24.01.2019-cu il tarixli əmri ilə müəllim heyətinin əməkhaqları artırıldı.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verən Elmi katib professor Muxtar Səmədov 2 dərs vəsaitinə və 2 fənn proqramına nəşr hüququ(qrif) verilməsini təklif etdi.
Mətbuat xidməti