“İlin peşəkar gənci” müsabiqəsində müəllimimiz mükafatlandırıldı
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ali məktəblərin tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyununun, futzal yarışının və “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri yanvarın 24-də mükafatlandırıldı.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək qeyd etdi ki, təhsil sistemində çalışan gənclər arasında ötən il Azərbaycan Həmkarlar İttifaqları Komitəsinin İcraiyyə Komitəsinin qərarı ilə ATİAHİ Respublika Komitəsi tərəfindən “İlin peşəkar gənci” müsabiqəsi də keçirilib. Hər üç müsabiqənin iştirakçılarının gənclər olduğunu vurğulayan komitə sədri dedi ki, belə tədbirlərin təşkilində məqsəd gənclərimizin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat tərzinin təbliğidir. S.Möhbalıyev gənclərimizin sağlam, savadlı böyümələrinin, onların peşəkarlıq səviyyəsinin artırılmasının, layiqli vətəndaş kimi yetişmələrinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı.
Sonra hər üç müsabiqənin qalibləri mükafatlandırıldı. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edidi. “İlin peşəkar gənci” müsabiqəsində universitetimizin “Riyazi analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının assistenti riyaziyyat üzrə fəlsəfə doktoru Günay Rzayeva fəxri fərmanla təltif edildi.
Mətbuat xidməti