“Elektron universitet” platformasının daha da təkmilləşdirilməsinə dair müzakirə aparıldı
Tədrisin keyfiyyətinin artırılması istiqamətində mühüm layihələr gerçəkləşir.Yanvarın 30-da Sumqayıt Dövlət Universitetində “Elektron Universitet” platformasının daha da təkmilləşdirilməsinə dair müzakirələr aparıldı.
Professor-müəllim heyəti və struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə rektor professor Elxan Hüseynov universitetdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən islahatlar haqqında məlumat verdi. Qeyd etdi ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri kimi olduqca əhəmiyyətlidir. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradıb. Xüsusilə son dövrlərdə dövlətimiz tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilib və keçirilməkdədir. İnformasiya-kommunikasiya texnologiyalarının tədris sferasına, ümumiyyətlə idarəçilik sisteminə tətbiqi ölkənin kompleks inkişafına təsir edən amillərdəndir. Azərbaycan Respublikası Prezidentinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq Sumqayıt Dövlət Universitetində yaradılmış “Elektron Universitet” platforması günü-gündən inkişaf etdirilir.
Layihənin proqramçısı Teymur Hacıyev çıxış edərək bildirdi ki, “Elektron Universitet” modeli tədris prosesinin təşkili və onun nəticələrinin qiymətləndirilməsi və idarə edilməsini təmin edən proqram təminatıdır. Onun tətbiqi bir sıra müsbət cəhətlər və imkanlarla xarakterizə olunur. Vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” də sadə iş prinsipindən ibarət olan sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilib. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Məqsədimiz Sumqayıt Dövlət Universitetinin hazırladığı bu layihəni daha da inkişaf etdirməkdir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti