Müəllimimiz “İlin Gənc Alimi” adına layiq görüldü
2 Fevral – Gənclər Günü Sumqayıt şəhərində də qeyd olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Sumqayıtdakı “Park palace” restoranında Gənclər Gününə həsr edilmiş bayram tədbiri keçirildi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov sumqayıtlı gəncləri təbrik edərək bildirdi ki, bu günün 1997-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunması gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Müstəqilliyimizin ilk illərində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Şəhər rəhbəri vurğuladı ki, dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə hərtərəfli uğur və naliyyətlər əldə edərək özlərini doğruldurlar. Gənclər bu gün dövlət orqanlarında, özəl sektorda və digər strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Zakir Fərəcov Sumqayıt şəhərində son illərdə həyata keçirilən layihələrə diqqət çəkərək qeyd etdi ki, bütün görülmüş işlər gənclərin inkişafına, məşğulluğun artırılmasına, asudə vaxtın səmərəli keçirilməsinə dəstək verir. Sonda şəhərin ictimai həyatında, təhsil və idmanda nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu. O cümlədən Sumqayıt Dövlət Universitetinin “Riyazi analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının assistenti riyaziyyat üzrə fəlsəfə doktoru Günay Rzayeva “İlin Gənc alimi” adına layiq görüldü.
Mətbuat xidməti