Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirildi
Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirildi. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov görüşdə bildirdi ki, fevralın 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 2 Fevral Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirdi, onlara öz tövsiyələrini verdi, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdı:"Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bir halda ki siyasətin əsas qayəsini insanlara qayğı təşkil edir, onlarla dialoq mühüm əhəmiyyət kəsb edir. İnsanların arzu və istəklərini bilmədən onlara düzgün xidmət göstərmək çətin olar. Cənab Prezident çox tez-tez Azərbaycanın müxtəlif güşələrinə səfər edir, vətəndaşlarla görüşür, onlarla dialoq qurur ki, istək və arzularını öyrənsin və bunu həyata keçirilən siyasətdə nəzərə alsın. Bu mənada gənclərlə olan görüş də xüsusi önəm təşkil edir”.
YAP sədrinin müavini qeyd etdi ki, partiyanın sıralarında çoxlu sayda gənclər var: “YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu, o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər”.
Ə.Əhmədovun sözlərinə görə, seçki kampaniyalarının uğurla baş tutmasına da gənclər böyük töhfələrini verirlər: “Bütün bunların hamısı ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəsislər olsunlar. Ən əsası, gənclərimiz vətənpərvər olmalıdır. Harda olmalarından asılı olmayaraq, vətənpərvərlik prinsipi əsasında davranmalıdır. Gənclər eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”.
YAP-ın icra katibi vurğuladı ki, partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: "2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar. Bununla da, ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.
Qeyd edək ki, görüşdə Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və universitetin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən bir qrup gənc iştirak etdilər.
Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Teymur Aslanlı çıxış edərək bildirdi ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında etdiyi proqram xarakterli çıxışında bizlərin təhsilli, peşəkar, vətənpərvər və yeniliklərə açıq vətəndaşlar olmağımızı tövsiyə etdi. Müasir Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir. Biz bunun ən yaxşı nümunəsinə aprel döyüşlərində şahid olduq. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdilər. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsi ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlıdır.Teymur Aslanlı onu da vurğuladı ki, “Azərbaycan gəncləri mütamadi olaraq beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Gənclərimiz beynəlxalq platformalarda özlərinin xarici həmkarları ilə nəinki baş-başa mübarizə apara, bəzi hallarda isə onları üstəliyə bilirlər. Ötən dövr ərzində Azərbyacanda kifayət qədər savadlı, geniş dünyagörüşlü gənclər formalaşmışdır. Müasir gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində də yer alırlar. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların idarə heyətlərinin üzvləridir. Onlar artıq dünyanın müxtəlif regionlarında bu və ya digər siyasətin formalaşmasında birbaşa iştirak edirlər. Azərbaycanın hər yerində olduğu kimi, Sumqayit şəhərində də gənclər diqqət mərkəzində olmuşdur. Möhtərəm Prezidentimizin dəfələrlə Sumqayıta səfər etməsi, sumqayıtlı gənclərə yeni iş yerlərinin açılması, sosial obyektlərin istifadəyə verilməsi, Sumqayıt Gənclər evinin tikilərək gənclərin istifadəsinə verilməsi biz gənclərə göstərilən ən böyük dövlət qayğısıdır. Bu qayğıya görə möhtərəm Prezidentimizə sumqayıtlı gənclər adından öz təşəkkürlərimizi çatdırmaq istəyirəm. Təhsil aldığım Sumqayıt Dövlət Universitetində də gənclərə xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, təkcə 2018-ci ildə universitetimizin magistratura pilləsini bitirən 16 nəfər tələbəsi artıq universitetimizin əməkdaşı kimi öz fəaliyyətlərini davam etdirirlər. Gənclərin təhsili üçün geniş imkanlar yaradılıb, gənc müəllimlərin elmi vəzifələri və əməkhaqlarının artırılması ilə bağlı verilən əmr də gənclərə göstərilən qayğının nəticəsidir. Hesab edirəm ki, gənclər də əldə etdikləri uğur və nailiyyətlərlə kifayətlənməməlidirlər. Daha yüksək nailiyyətlər üçün qüvvələrini səfərbər etməlidirlər. Nəzərə almalıyıq ki, biz gənclərin qarşısında duran ən böyük vəzifə üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan əzəli torpaqlarına sancmaqdan ibarətdir. Bunun üçün bütün Azərbaycan gəncləri cənab Prezidentimizin ətrafında sıx şəkildə birləşməli və onun ideyalarını dəstəkləməlidir.
Mətbuat xidməti