Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı
Yerləşdirilmə tarixi : 15 Fevral 2019 15:59
“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı
Fevralın 14-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Şagirdlərə dəstək məqsədi ilə mərasimdə müvafiq qurumların nümayəndələri, təhsil işçiləri iştirak etdilər. O cümlədən SDU-nun rektoru professor Elxan Hüseynov Sumqayıt şəhər ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərə dəstək oldu.
Mərasimdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirdi ki, şagirdlərin sonrakı inkişafında mühüm rol oynayan “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ilbəil artır. Ölkəmizdə “Sabahın alimləri” Respublika müsabiqəsinin 8-ci dəfə keçirildiyini diqqətə çatdıran nazir müavini dedi ki, bu müddət ərzində müsabiqəyə 1500 nəfərədək şagird riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə 900-ə yaxın layihə təqdim edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.
Bu il münsiflər heyəti tərəfindən 84 şagirdin hazırladığı 54 layihə qalib seçildi. Qaliblərdən 44 nəfəri oğlan, 40-ı qızdır. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olundu. Sumqayıt şəhəri üzrə 15 şagird, 9 layihə və 1 layihə isə xüsusi mükafata layiq görüldü.
Sumqayıt şəhər şagirdlərinə rəhbərlik edən SDU-nun professoru Cavanşir Məmmədov qeyd etdi ki, finala yüksələn 33 layihənin iştirakçılarına sertifikat təqdim olundu. Kompüter elmləri üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdləri: Ayan Abdulova, Məğrur Rzayevin “PictoFy” və Aytac Əliyevanın “Düşməni yanıltmaq məqsədi ilə 3 D üslubunda hazırlanan döyüş səhnəsi” layihələri II yerə layiq görülərək sahiblərinə gümüş medal qazandırdı. Ekologiya üzrə təqdim olunan üç layihə 1-i qızıl olmaqla, 2 gümüş medala, tibb və sağlamlıq üzrə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Murad Ramazanlı gümüş medala layiq görüldülər. Kimya sahəsində üç layihə üzrə 1 qızıl, 1 gümüş medal, fizika üzrə 1 bürünc medal qazanıldı. Ümumilikdə beş nominasiya üzrə 2 qızıl, 6 gümüş, 1 bürünc medal qazanıldı.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az