Kimya və biologiya fakültəsində Xocalı soyqırımına həsr edilən anım mərasimi keçirildi
Fevralın 21-də Kimya və biologiya fakültəsində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.
Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Fakültə dekanı dosent Mahal Muradov anım mərasimində çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciə bəşər tarixində misli görünməmiş bir cinayət aktıdır. “Xocalı soyqırımından 27 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı əməli tədbirlər yalnız Ulu öndərimiz Heydər Əliyevin xalqımızın çox böyük istəyi və inadlı tələbi ilə Azərbaycanda yenidən dövlət rəhbərliyinə qayıtmasından sonra həyata keçirildi. Bu məqsədlə atılan addımlardan biri isə Xocalı faciəsinə siyasi- hüquqi qiymətin verilməsi oldu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını hər kəs dəstəkləyir. Tezliklə işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olacaq, Dağlıq Qarabağ üzərində suverenliyimizi bərpa edəcəyik.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev çıxış edərək erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edərək burada yaşayan dinc sakinlərə qarşı törətdikləri misli görünməmiş vəhşiliklərdən danışdılar. Bildirdilər ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni qəsbkarlarının və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.
Tələbələr də çıxışlarında həmin gecə dinc əhalinin başına gətirilən müsibətlərdən, azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən söz açdılar və Xocalı faciəsi ilə bağlı seirlər səsləndirdilər.
Sonra soyqırımı özündə əks etdirən videoçarx nümayiş etdirildi.
Mətbuat xidməti