Elm günü münasibəti ilə tələbələr arasında riyaziyyat fənni üzrə olimpiada keçirildi
Martın 9-da Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə tələbələr arasında riyaziyyat fənni üzrə olimpiada keçirildi.
Fakültə dekanı dosent Zəfər Hüseynov çıxış edərək bildirdi ki, 2014-cü ildən rektor professor Elxan Hüseynovun təşkilatçılığı ilə “Sumqayıt Dövlət Universitetinin 2025-ci ilədək olan müddət ərzində inkişaf konsepsiyası” və onun əsasında “SDU-da təhsilin inkişaf strategiyası”–nın hazırlandığını qeyd etdi. Vurğuladı ki, konsepsiyada universitetin təhsil sisteminin modernləşdirilməsi və dünya təhsil məkanına inteqrasiyası, elmi tədqiqatlar sisteminin modernləşdirilməsi kimi məsələlər başlıca yer tutur və burada əsas strateji məqsəd SDU-nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsidir. Dekan onu da qeyd etdi ki, fakültəmizdə olimpiadanın təşkili bu strategiyadakı elmi mühitin yaradılması ideyasının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Olimpiadanın təşkilat komitəsinin üzvü Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd olunduğunu və bu olimpiadanın bununla bağlı irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu diqqətə çatdırdı. O, cəmiyyətin inkişafında elmin əhəmiyyətini və hazırda ölkəmizdə savadlı, bacarıqlı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğuladı. Biliyin gənclərin ən etibarlı dayağı olduğunu deyən dosent Xalidə Həsənova olimpiada iştirakçılarına uğurlar arzuladı.
Daha sonra Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri professor Nəbi Qurbanov və Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev bu cür tədbirlərin elmə maraq yaradılması baxımından keçirilməsinin vacib olduğunu vurğuladılar və olimpiada iştirakçılarına uğurlar arzuladılar.
Bilik yarışı Riyaziyyat fakültəsi üzrə bütün ixtisasların I, II, III kurs tələbələri arasında keçirildi. Açıq suallar şəklində təşkil olunmuş olimpiada zamanı 80-dək tələbə 3 saat ərzində sualları cavablandıraraq yüksək bilik nümayiş etdirdilər.
Mətbuat xidməti