“Azərbaycanın ekoloji problemlərinin həlli yolları” mövzusunda görüş keçirildi
Martın 12-də Azərbaycan Respublikası Prezidentinin 27 mart tarixinin Azərbaycanda Elm günü kimi təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq, Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın ekoloji problemlərinin həlli yolları” mövzusunda respublikamızın görkəmli alimlərinin müəllim-tələbə heyəti ilə görüşü keçirildi.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayev, AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri professor Sakit Hüseynov, fakültə dekanı dosent Mahal Muradov, Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova və müəllim-tələbə heyəti iştirak etdilər.
Dekan dosent Mahal Muradov qonaqları salamlayaraq keçirilən görüşün əhəmiyyətindən bəhs etdi. Ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elmi müəssisələrlə ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə belə görüşlərin davamlı olmasını arzuladı.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova mövzu ilə bağlı ətraflı çıxış edərək bildirdi ki, son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır. Siyasi arenada və dövlətçilik fəaliyyətində əvəzsiz xidmətləri olan Ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə biganəlik və utilitar münasibət göstərənlərə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilmişdir. Ölkə rəhbərliyi tərəfindən ekoloji məsələlərə göstərilən xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illər əldə olunmuş yüksək nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz müsbət təsirini daha səmərəli göstərəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev “Ətraf mühitin qorunması sahəsində milli prioritetlər”, AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri professor Sakit Hüseynov “Davamlı inkişaf konsepsiyasının fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış etdilər. Natiqlər qeyd etdilər ki, Dayanıqlı inkişaf – gələcək nəsillərin imkanlarını təhlükə altına qoymadan indiki dövrün ehtiyaclarını təmin edən inkişafdır. Bu inkişafın ekoloji aspektləri okean və dəniz ehtiyatları, iqlim dəyişmələri, ətraf mühit, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik sahələrindəki məqsədləri əhatə edir. Buna nail olunması baxımından insan və təbiət arasında münasibətlərdə balansın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Elə görüşün keçirilməsində də məqsəd gənclər arasında ətraf mühit, aktual məsələlər və dayanıqlı inkişaf, ekoloji aspektləri haqqında maarifləndirmənin artırılmasıdır.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti