“SDU-Peyk” komandası növbəti mərhələyə vəsiqə qazandı
Sumqayıt Dövlət Universitetini təmsil edən “SDU-Peyk” tələbə komandası “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “CanSat Azərbaycan 2019” müsabiqəsinin birinci mərhələsini uğurla keçərək növbəti mərhələyə vəsiqə qazanmışdır.
Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişaf etməsinə şərait yaradır. Müsabiqənin şərtlərinə əsasən komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən təyin olunmuş missiyasını yerinə yetirir.
Layihədə “SDU-Peyk” komandası 5 nəfərdən ibarətdir: Mühəndislik fakültəsinin tələbələri: Tayfun Hacılı (kapitan), Ülvi Ağayev, Vüsal Turabov, Nicat Hüseynov, Səltənət Aydınlı. Komandanın elmi rəhbəri İnformasiya və kompüter texnikası kafedrasının baş müəllimi Quliyev Rahib Yaşar oğludur.
Mətbuat xidməti