“Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununda dəyişikliklərin izahı” mövzusunda təqdimat keçirildi
Martın 14-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyətinə “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununda dəyişikliklərin izahı” mövzusunda təqdimat keçirildi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva qonaqları salamladı, universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, bu gün ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyən edilərək icra olunmuş və hazırda icra olunan bir sıra dövlət proqramları və konsepsiyalarda da öz əksini tapmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan inkişaf prioritet təşkil edir. Dosent Aynurə Yəhyayeva onu da vurğuladı ki, insan kapitalının keyfiyyətinin yüksəldilməsi və ondan səmərəli istifadə elmin və biliktutumlu istehsal sahələrinin inkişafına rəqabət qabiliyyətinin yüksəldilməsinə ciddi təsir göstərir. Hazırda Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar aparılır. Milli Mühasiblər Forumunun təşkilat komitəsi üzvləri tərəfindən SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit, Maliyyə və digər iqtisadyönümlü ixtisaslarında təhsilalan tələbələrin və müəllim heyətinin Mühasibat uçotu haqqında qanunda edilmiş yeni dəyişiklərlə məlumatlanmasına həsr edilmiş təqdimatının keçirilməsi gələcəkdə tədris prosesinin daha səmərəli təşkilinə xidmət edəcək. Bu istiqamətdə mütəmadi olaraq görüşlərin keçirildiyini diqqətə çatdıran dekan yaradılan lazımi köməkliyə görə universitetin rəhbərliyinə və Milli Mühasiblər Forumunun təşkilat komitəsi üzvlərinə dərin təşəkkürünü bildirdi.
Universitetin maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev qeyd etdi ki, bugünkü təqdimatın reallaşmasında əsas məqsəd mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçılar məlumatlandırılmalı, qarşılıqlı fikir mübadiləsi aparılmalı və bu ixtisas üzrə təhsil alan tələbələrin öz sahələrinə daha dərindən yiyələnmələridir.
Milli Mühasiblər formunun sədri Ruslan Atakişiyev, Forumun sədr müavini, “Bakı Hesabat Mərkəzi”nin direktoru, audit üzrə mütəxəssis Mehdi Babayev, Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri dosent Firudin Sultanov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev çıxış edərək Mühasibat uçotu haqqında “Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunu 4 may 2018-ci il tarixində Prezident cənab İlham Əliyev tərəfindən imzalanmışdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər ümumən 24 mövzuya aid olmaqla, 3 istiqaməti əhatə edir. Birinci istiqamət əsasən Azərbaycanda təsərrüfat subyektləri tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsinin Beynəlxalq Standartlara uyğun həyata keçirilməsidir. İkinci mühüm istiqamət peşəkar mühasiblərin fəaliyyətinin qanunla təsdiq olunmasıdır. Qanunda edilən dəyişikliklərə əsasən peşəkar mühasiblər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda müsbət nəticə əldə etdikdən sona bu statusa malik olacaqlar. Üçüncü istiqamət təsərrüfat subyektlərinin mikro-kiçik, orta və böyük sahibkarlara ayrılmasıdır. Qanunda edilmiş dəyişikliyə əsasən artıq kiçik təsərrüfat subyektləri tərəfindən mühasibat uçotu sahibkarların özləri tərəfindən də aparıla bilər. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklər ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırıldı.
Təqdimatın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti