“Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti məşğələ
Martın 19-da Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Milli mənəvi dəyərlərimizin qorunmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunmasına göstərdiyi qayğıdan söhbət açdı. Bildirdi ki, Azərbaycan xalqının çoxəsrlik milli dəyərlərinin qorunub yaşadılması, müasir milli müstəvidə inkişaf etdirilməsi Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə almış, bu sahəni hər zaman diqqət mərkəzində saxlamışdır. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu baxımdan Ulu öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir. Sevindirici haldır ki, ümummilli liderimizin milli-mənəvi dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi ənənələr müqəddəs bir miras kimi qorunur. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan çağdaş tarixinin intibah mərhələsinə qədəm qoyaraq müstəqil dövlət kimi iqtisadi inkişaf potensialına görə lider ölkəyə çevrildi. Prezident cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini həmrəyliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Rektor onu da qeyd etdi ki, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ümummilli liderin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmışdır. Azərbaycanın Birinci xanımı ilk növbədə milli maraqların keşiyində duran xadimdir. Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görüldü. İstər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi yönündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
Folklorşünaslıq elmi tədqiqat laboratoriyasının rəhbəri, filologiya elmləri doktoru, professor Aslan Bayramov “Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında Heydər Əliyevin rolu”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent, filologiya üzrə fəlsəfə doktoru Böyükxanım Eminli “Novruz – Həmrəylik və birlik bayramı”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Dəyanət Cümənov “Azərbaycan ədəbiyyatında Novruz bayramının adət-ənənələrinin təsviri”, Mühəndislik fakültəsinin I kurs tələbəsi Aysel Vəlizadə “Milli mənəvi dəyərlərimizin qorunması və inkişafında yeni mərhələ”, Filologiya fakültəsinin III kurs tələbəsi Qəmər Mahmudova “Heydər Əliyev Fondu və müstəqillik dövründə milli-mənəvi dəyərlərimizin qorunması” mövzularında məruzə ilə çıxış etdilər. Bildirildi ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, milli-mənəvi dəyərlərə hörmət olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürərək deyirdi ki, bunları qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Prezident cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir, xalqımız da milli-mənəvi dəyərləri yüksək tutaraq daim nəsildən-nəslə ötürür.
Mətbuat xidməti