Elm gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Martın 28-də Sumqayıt Dövlət Universitetində Elm gününə həsr olunmuş “Azərbaycan dilçiliyinin korifeyləri” adlı elmi-praktik konfrans keçirildi. Konfransda universitetin professor-müəllim heyəti, ADU-nun Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev, Türkologiya kafedrasının professoru Məmmədəli Novruzov (Qıpçaq), ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri professor Buludxan Xəlilov iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı və onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi, Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı. Bildirdi ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.Azərbaycan dilinin dünya dilləri sırasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran rektor Ulu öndərin həyata keçirdiyi milli dil siyasəti, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən bəhs etdi. Vurğuladı ki,ümummilli liderin önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Cənab İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Rektor onu da qeyd etdi ki, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan bu görkəmli alimlər çoxcəhətli və geniş diapazonlu elmi yaradıcılıqları ilə ölkəmizdə dilçilik elmini zənginləşdirərək, öz dəyərli töhfələri ilə daima xatırlanır, yad edilir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov “Ə.Dəmirçizadə və Azərbaycan fonetikası”, Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri professor Astan Bayramov “Afad Qurbanov və Azərbaycan onomologiyası”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli “Professor Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, baş müəllim Elnarə Əhmədova “Türkologiya elminin inkişafında professor Fərhad Zeynalovun rolu” mözularında çıxış edərək görkəmli dilçi-alimlərin həyat və yaradıcılıqlarından, onların zəngin elmi pedaqoji fəaliyyətlərindən danışdılar, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd etdilər. Bildirdilər ki, ömürlərinin çox hissəsini Azərbaycan dilçilik elminin inkişafına həsr edən bu elm xadimlərinin irsi gələcək nəsillərə böyük töhfədir. Dilçilik elmimizin bu parlaq simalarının işıqlı xatirələri onları tanıyanların, həmkarları və yetirmələrinin qəlbində əbədi yaşayacaq və hər zaman fəxrlə anılacaqlar.
Mətbuat xidməti