Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi - praktik konfrans
Yerləşdirilmə tarixi : 29 Mart 2019 14:40
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi - praktik konfrans
Sumqayıt Dövlət Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi - praktik konfrans keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasəti 200 illik tarixə malikdir. Silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Mart soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən Şamaxıda 7 min dinc sakin öldürülmüş, 72 kənd dağıdılmış, Quba qəzasının isə 122 kəndi yandırılmışdır. Qırğınlar zamanı 50 mindən çox insan qətlə yetirilmiş, Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını almışdır.
Rektor onu da bildirdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktları və deportasiya siyasəti ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan 31 mart tarixi Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir. Bu gün dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyəyə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində qətiyyətli fəaliyyət göstərir. Ölkə başçısının rəhbərliyi ilə 1918-ci il 31 Mart soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Həmçinin Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirir, bəşəriyyətin ən böyük faciələrindən olan 31 Mart və Xocalı soyqırımları haqqında faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir, bununla əlaqədar çoxsaylı kitablar və nəşrlər dərc olunur. Eyni zamanda soyqırımlar barədə faktların dünya ictimaiyyətinə çatdırılması üçün hər il dövlət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “31 mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli “1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Ulu Öndər Heydər Əliyevin ““Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanının tarixi mahiyyəti haqqında” mövzularında məruzə ilə çıxış edərək ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən söz açdılar. Bildirdilər ki, erməni millətçiləri təkcə ötən əsrdə deyil, tarix boyu xalqımıza qarşı dəhşətli soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Hər birimizin vətəndaşlıq borcu isə bu soyqırımlarını, qanlı olayları dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmaqdır.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az