Kimya və biologiya fakültəsində 31 mart -Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirildi
Martın 29-da Kimya və biologiya fakültəsində 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq erməni-daşnak-bolşeviklərinin 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımı cinayətləri haqqında geniş məlumat verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edildi.
Tədbirdə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev, Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Xanəhməd Həsənov və tələbələr çıxış etdilər. Qeyd etdilər ki, 31 mart soyqırımı azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Bakıda və digər bölgələrimizdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin bəd niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin növbəti mərhələsi idi. Bu illərdə erməni millətçiləri Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Çıxışçılar soyqırımla bağlı vacib faktları diqqətə çatdıraraq gənc nəsli öz tarixi keçmişini unutmamağa səslədilər.
Tələbələrin ifasında soyqırımına həsr olunmuş şeirlər səsləndirildi və soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş etdirildi.
Mətbuat xidməti