Universitetin müəllim və tələbə heyəti “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdi
Martın 30-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin Təşkilatçılığı ilə SDU-nun müəllim və tələbə heyəti milli mənəvi dəyərlərimizi, tarixi abidələrimizi, soykökümüzü anmaq məqsədilə Quba şəhərinin şimalında yerləşən Quba kütləvi məzarlığını ziyarət etdi, “Quba Soyqırımı Memorial Kompleksi”ndə qurbanların xatirəsini əbədiləşdirən abidənin önünə gül dəstələri qoydu.
Ziyarət zamanı kompleksin mütəxəssisləri tərəfindən iştirakçılara 1918-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verildi, sənədlər və faktlarla tanışlıq imkanı yaradıldı. Tələbələr ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırıldılar. Bildirildi ki, 2007-ci il aprelin 1-də Quba ərazisində torpaq işləri görülərkən soyqırımı məzarlığı aşkar edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildən Quba rayonunda “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına başlanılmış və 2013-cü il tarixində kompleksin açılışı olmuşdur. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında: Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapmışdır.19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.
Mətbuat xidməti