“Elm Günü”nə həsr olunmuş alimlərlə görüş keçirildi
Aprelin 3-də Sumqayıt Dövlət Universitetində Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə Elm Günü münasibətilə görkəmli alimlərlə görüş keçirildi.
Görüşdə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, fizika-riyaziyyat elmləri doktoru Oqtay Səmədov, institutda fəaliyyət göstərən bir çox laboratoriyaların rəhbərləri və universitetin professor-müəllim, tələbə heyəti iştirak etdilər.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev qonaqları və iştirakçıları salamladı, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, 27 Mart - Elm Günü ilə bağlı Sumqayıt Dövlət Universitetinin təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, silsilə tədbirlər keçirilir. Bugünkü görüş də onlardan biridir. Prorektor qeyd etdi ki, son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından və rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətlərindən, görülən işlərdən, beynəlxalq əlaqələrindən danışdı. Bildirdi ki, təhsilimizə göstərilən qayğının nəticəsidir ki, bu gün cəmiyyətdə alimin nüfuzu xeyli artmış, bütün elm sahələrində ciddi nailiyyətlər əldə edilmişdir. Direktor Sumqayıt Dövlət Universiteti ilə gələcəkdə elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğuladı. Qeyd etdi ki, bugünkü görüş gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malikdir. Görüşdə Radiasiya Problemleri İnstitutunun Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının rəhbəri Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Radiobiologiya laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Elmxan Cəfərov, Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, Enerjitutumlu radiasiya prosesləri laboratoriyasının rəhbəri kimya elmləri namizədi Hökmən Mahmudov, institun aparıcı elmi işçisi Nüşabə Hacıyeva çıxış edərək laboratoriyalarda aparılan elmi-tədqiqat işlərindən və əldə olunan nailiyyətlərdən bəhs etdilər.
Sonda iştirakçıların sualları cavablandırıldı.
Mətbuat xidməti