Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi
Aprelin 3-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsində aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirildi.
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Tamella Əhmədova açaraq 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan ordusu aprel zəfəri ilə ərazilərin işğalı ilə barışmayacağını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri yeni zəfər yürüşünə, işğal altındakı bütün torpaqlarımızı azad etməyə hazırdır və buna qadirdir. Aprel döyüşlərindəki bu qələbə xalqımızın Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi.
Dosent Tamella Əhmədova çıxışında bütün ölkədə olduğu kimi, Sumqayıt Dövlət Universitetində də şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Hələ Qanlı 20 Yanvar gecəsində canlarını Vətənə fəda edən igid tələbələrimiz doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq müqəddəs Şəhidlik zirvəsini fəth etdilər. Gənclərdə vətənpərvərlik hissini aşılayan universitetimiz Şəhidlərimizin əziz xatirəsini daima anır və onların ailələrini vaxtaşırı ziyarət edir, maddi-mənəvi problemləri ilə maraqlanır. Aprel döyüşlərində universitetimizin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabzadə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə qəhrəmancasına şəhid oldu. Universitetimizin rəhbərliyi, kollektivi və tələbələr şəhid məzunumuzun məzarını ziyarət etdilər. Fakültə dekanı Tamella Əhmədova 2015-ci ildə fakültənin məzunu olmuş Mikayıl Vahabzadə haqqında danışaraq onun nümunəvi tələbə olduğunu bildirdi. Mikayılın simasında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan, adını müqəddəslərin siyahısına yazan qəhrəmanlarımıza Allahdan rəhmət dilədi.
Dosent Mehdi Qurbanov və Fizika və elektroenergetika fakültəsinin I kurs tələbəsi, aprel hadisələrinin canlı şahidi olmuş Ümid Əliyev çıxış edərək Aprel qələbələrinin Azərbaycan xalqının mübarizliyinin, ordunun gücünün-qüdrətinin təntənəsi olduğunu qeyd etdilər. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağını vurğuladılar.
Sonda aprel döyüşlərinin şəhidlərinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Mətbuat xidməti