"Reduco” Tədris Mərkəzinin dəstəyi   ilə  Sumqayıt Dövlət Universiteti Ritorika  Universal  Klubunun  Mədəniyyət və İncəsənət Klubu  yeni layihəyə  start verib.  Layihə çərçivəsində gənclər ebru sənətinin incəliklərini öyrənəcək,  praktiki olaraq rəsmlər   çəkəcəklər. 
  Bakıda  Ebru Sənət Mərkəzində ebru sənət dərsləri keçən  layihənin təlimçisi olan  Vüsal Karakaşlı  tədbir iştirakçılarına ebru sənətinin özəllikləri  və tarixi haqqında məlumat verərək bildirib  ki, ebrunu Orta Asiyadakı cığatay türkləri yaradıb. O, ebru sözünün ebrə sözündən  törəndiyini və "damarlı” mənasını verdiyini deyib: "Damarlı  çünki suyun üzərində yaranan naxışlar  damara bənzəyir,  buluda da bənzəyir.   Sonra Osmanlıya keçən bu sənəti ebru adlandırırlar.”
  Rəssam qeyd etdi  ki, digər təsviri sənət növlərindən fərqli  olaraq ebru sənəti ilə məşğul olan insan hər zaman mənəvi baxımdan bu işə  hazırlıqlı olmalıdır: "Çünki  çox güclü rəssam olsan  belə  sənin bir sıxıntın, mənfi   hisslərin, emosiyaların suya  da yansıyır.  Amma ebru bunları qəbul eləmir, yəni pozitiv, müsbət hissləri qəbul          edir.”
  V. Karakaşlı  əyani şəkildə  ebru sənətinin incəliklərini gənclərə nümayiş etdirdi. O, qeyd etdi ki, təbii sənət  olan ebrunun hazırlanmasında kimyəvi maddələrin qatışığı olmur: "Bunun  üçün yalnız təbii ləvazimatlardan, torpaqdan alınma boyalardan istifadə edilir.  Burada istifadə olunan su da  xüsusidir, qatılaşdırılmış sudur. Boyalar da  suyun üzərinə xüsusi fırçalarla səpilir”.
  Mütəxəssis    ebrunun dincəlmək üçün faydalı, zövq alınacaq  bir sənət  olduğunu vurğuladı.
  Sonda gəncləri maraqlandıran  suallar cavablandırıldı.
Mətbuat xidməti