“Filoloji düşüncədə konsept “ adlı elmi seminar
Aprelin 29-da Filologiya fakültəsinin Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Filoloji düşüncədə konsept” adlı elmi seminar keçirildi.
Tədbirin məqsədi konsept anlayışının tarixi, dərk olunması və izahı, onun linqvistikada və fəlsəfədə, koqnitiv linqvistikada və linqvokulturologiyada rolunu təyin etməkdir.
Seminarı Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova açaraq iştirakçıları salamladı, seminarın əhəmiyyətindən, konsept anlayışının tarixindən bəhs etdi. Bildirdi ki, müasir humanitar ədəbiyyatda "konsept” termini populyar anlayışlardan birinə çevrilmişdir. Bu anlayışa belə geniş maraq, ilk növbədə, onun nisbi universallığı ilə bağlıdırsa, digər tərəfdən qloballaşma prosesləri ilə əlaqəlidir. Bu, ondan irəli gəlir ki, qloballaşma dövründə hər bir lokal mədəniyyət öz xüsusiyyətlərini qorumağa çalışır. Konseptin müxtəlif növləri də məhz bu fərqli mədəniyyətləri və ölkələri araşdırarkən ortalığa çıxır. Konsept haqqında diskurs ilk olaraq fəlsəfədə ortaya çıxmışdır. Müasir dilşünaslıqda bu terminə marağın sıçrayışı XX əsrin əvvəllərindən başlamış, həmin dövrdə bu maraq linqvistika sahəsindən linqvokoqnitologiya və linqvokulturologiya sahələrinə də nüfuz etmişdir. XXI əsrin əvvəllərindən başlayaraq bu anlayış yenidən filosofların və mədəniyyət fəlsəfəsini öyrənən alimlərin marağına səbəb oldu. Nəticədə, müasir humanitar elmlərdə konseptin dərk olunmasına, izahına və araşdırılmasına müxtəlif yanaşmalar yarandı. Bu gün müasir elmdə konsept anlayışı fəlsəfə, dilçilik, siyasət, kulturoloji və digər humanitar tədqiqatlarda geniş istifadə olunur.
Seminarda ADU-nun professoru Adil Babayev “Dil və din konseptləri”, SDU-nun Elm və innovasiyar üzrə prorektoru professor Ramazan Məmmədov “Sətiraltı məna linqvistik kateqoriya kimi” adlı məruzə ilə çıxış etdilər. Adil Babayev dil konseptinin formaları və onların mətnin daxilində əks olunmasını göstərərək konseptə nümunə olaraq müqəddəs Qurani Kərim kitabından sitatlar gətirdi. Ramazan Məmmədov öz növbəsində dil vasitəsilə informasiyanın formalaşdırılması və ötürülməsi mexanizminin mahiyyətini “sətiraltı məna” anlayışı timsalında açıqladı.
Seminar mövzu ətrafında maraqlı diskussiya ilə başa çatdı.
Mətbuat xidməti