Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edildi
Mayın 2-də Sumqayıt Dövlət Universitetində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edildi. “Açıq qapı” gününün keçirilməsi barədə sdu.edu.az portalında öncədən məlumat yerləşdirilmişdi.
Qonaqları universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov səmimi qarşıladı, universitetdə aparılan işlər barədə məlumat verdi. Qeyd etdi ki, universitetimizin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilib. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq, Sumqayıt Dövlət Universitetinin tədris imkanları ildən-ilə genişlənir.Universitetdə bu istiqamətdə lazımi şərait yaradılmış, bütün auditoriya, laboratoriyalar, kabinet və mərkəzlər bu məqsədlə ən müasir avadanlıqlar və İKT ilə təchiz olunmuşdur. Ümumiyyətlə, universitetdə tələbələrin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılıb. Təbii ki, bütün bunlar gələcəyimiz olan gənc nəslin sabahı üçündür.
Prorektor onu da qeyd etdi ki, yaz imtahan sessiyasının başlanmasına saylı günlər qalıb. Bu istiqamətdə də imtahan prosesinin təşkili və gedişatı, obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı məqsədyönlü tədbirlər aparılır. Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə hər cür şərait yaradıldığını qeyd edən prorektor diqqətə çatdırdı ki, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi universitetin rektoru professor Elxan Hüseynovun diqqət mərkəzindədir.
Sonra universitetin rəhbərliyi və KİV nümayəndələri ilə birgə valideynlər övladlarının təhsil aldıqları auditoriyalarda dərsin gedişini izlədilər.
KİV nümayəndələri və valideynlər universitetdə yaradılan şərait, laboratoriya və ağıllı lövhələrlə təchiz olunmuş auditoriyalarla tanış oldular, Mühəndislik fakültəsinin dekanlığında quraşdırılmış kameralarla təchiz olunmuş nəzarət sistemi vasitəsi ilə auditoriyalarda keçirilən dərsləri müşahidə etdilər. Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat fakültələrində dərslərdə iştirakları təmin olundu, mühazirə dinlədilər. Kimya və biologiya, Fizika və elektroenergetika, Mühəndislik fakültələrinin laboratoriyalarında əyani olaraq aparılan təcrübələri izlədilər.Onları maraqlandıran suallar cavablandırıldı, təklif və istəkləri dinlənildi. Valideynlərdən universitetdə magistraturaya hazırlaşan tələbələr üçün hazırlıq kursu ilə bağlı sual ünvanlandı. Qeyd olundu ki, universitet rəhbərliyi tərəfindən bu istiqamətdə də tədbir görülüb. Belə ki, universitetimizdə müəllimlərimiz tərəfindən ödənişsiz kurslar, həmçinin dil biliklərinin artırılması istiqamətində Linqvistik Mərkəz fəaliyyət göstərir.
Sonra qonaqlar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş köşklərlə tanış oldular. Bildirildi ki, tələbələrimiz idman klubunda futbol, stolüstü tennis, badminton, atıcılıq, voleybol, şahmat, dama üzrə mütəmadi olaraq məşğul olurlar. Universitetdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlarda özünü büruzə verir. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz.
KİV, QHT nümayəndələri və valideynlər keçirilən “Açıq qapı” günü ilə bağlı müsbət fikirlər səsləndirdilər, tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər.
Valideynlər də öz növbələrində yaradılmış şəraitə görə universitetin rəhbərliyinə dərin təşəkkürlərini ifadə etdilər.
Mətbuat xidməti