Aprelin 14-də Sumqayıt Dövlət Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi əsasında “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirə keçirildi.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdikləri tədbirdə Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov çıxışında Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsindən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində atılan mütərəqqi addımlardan danışdı.
Prorektor onu da vurğuladı ki, ölkədə multikulturalizmin inkişafında ölkə rəhbəri ilə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir. Çünki etnik qrupların milli mənsubiyyətlərinin qorunub saxlanmasında, onlar üçün yeni məktəblərin istifadəyə verilməsində, mədəni, dini abidələrin bərpasında Heydər Əliyev Fondunun da böyük xidmətləri danılmazdır.
Mən hesab edirəm ki, “Azərbaycan Multikulturalizmi” layihəsi SDU-da təhsil alan tələbələrin maarifləndirilməsində vacib rol oynayacaq.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin baş məsləhətçisi Rəvan Həsənov, Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyəti, onun xüsusiyyətləri və bu siyasətin XX əsrin sonu – XXI əsrin əvvəllərində uğurla həyata keçirilməsi haqqında elmi cəhətdən əsaslandırılmış, sistemli təsəvvür yaratdı.
O, qeyd etdi ki, 15 may 2014-cü ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin qarşısına qoyduğu əsas məqsəddir. Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan “Azərbaycan Multikulturalizmi: səyyar dərsləri”nin təşkili ali təhsil müəssisələrində təhsil alan tələbələr Azərbaycan tarixi, ədəbiyyatı, dövlət siyasəti və digər mövzularda sistemli məlumatlar əldə edirlər.
Universitetin Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov və Xarici dil kafedrasının müdiri, professor Nigar İsgəndərova Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olduğunu, Azərbaycanın dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanındığını diqqətə çatdırdılar.
Mətbuat xidməti