Tələbələr arasında “İqtisadçıların stolüstü oyunlarda məharəti” adlı yarışa start verildi
Mayın 4-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkil etdiyi tələbələr arasında idmanın üç növü (dama, şahmat və nərd) üzrə “İqtisadçıların stolüstü oyunlarda məharəti” adlı tədbir keçrildi.
Tədbiri İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Tələbələr arasında keçirilən belə tədbirlərin idmanın kütləviliyinin təmin və təbliğ edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirən dekan qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Universitetimiz nəinki təhsil, idman sahəsində də böyük uğurlar əldə edir. Fəxr edirik ki, bizim ölkəmizi beynəlxalq idman aləmində layiqincə təmsil edən idmançı tələbələrimiz var. Universitetdə tələbələr ucun Tələbə klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, Ritorika klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq, qılıncoynatma və s. idman bölmələri fəaliyyət göstərir. Bu da tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün çox vacib amildir.
Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İqtisadçıların stolüstü oyunlarda məharəti” adlı yarışa start verildi.
Mətbuat xidməti