Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual bilik yarışı keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual bilik yarışı keçirildi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin dünyagörüşlü, elmli yetişməsi üçün hər cür şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Dövlətimiz tərəfindən yaradılmış hərtərəfli şərait gənc istedadlarımızın sayını daha da artıracaq, onlar ölkəmizin layiqincə tanıdılmasına öz töhfələrini verəcəklər.
Bilik yarışının əhəmiyyətindən bəhs edən Nemət İbayev belə yarışların tələbələrin tədris dövründə inkişafında, biliklərinin dərinləşdirilməsində, möhkəmləndirilməsində və potensialı olan gənclərin gələcəkdə rəqabət mühitinə uyğunlaşmasında böyük addım kimi qiymətləndirərək gənclərin yüksək intellektə, biliyə sahib olduğunu diqqətə çatdırdı və komandalara uğurlar arzuladı.
Yarışda 7 komanda iştirak etdi. Komandalar hər birində 12 sual olmaqla, 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə apardılar.
Sonda qalib komandanın üzvlərinə diplom və kubok təqdim edildi.
Mətbuat xidməti