Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor təqaüd alacaq tələbələrlə görüşdü
Yerləşdirilmə tarixi : 14 May 2019 16:27
Rektor təqaüd alacaq tələbələrlə görüşdü
Mayın 14-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Tələbə və Bələdiyyə təqaüdü alacaq tələbələrlə görüş keçirdi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq Tələbə və Bələdiyyə təqaüdü alacaq 560 nəfər tələbəni təbrik etdi. Bildirdi ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir. 2019-cu ilin əvvəlindən cənab Prezident tərəfindən əməkhaqqı, pensiya və müavinətlərin artırılması, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması, özünüməşğulluq proqramının genişləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində mühüm addımlar atılmışdır. İmzalanmış son fərman və sərəncamlar da məhz bu qəbildən olan tədbirlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 2019-cu il 14 fevral tarixli Sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırıldı. Bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır. Rektor onu da qeyd etdi ki, bu Sərəncamlar 100 mindən çox gənci sevindirdi. Gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi yetişəcək, eyni zamanda elm arxasınca gedənlərin sayı daha da artacaq. Cənab İlham Əliyevin apardığı siyasəti uğurla icra edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun bu istiqamətdə universitetimizin 30 nəfər tələbəsinə “Bələdiyyə” təqaüdünün verilməsi ilə bağlı verdiyi qərarı yüksək qiymətləndirir, universitetin professor-müəllim və tələbə heyəti adından Prezident cənab İlham Əliyevə və İcra başçısı cənab Zakir Fərəcova təşəkkürümüzü bildiririk.
Sonra Fizika və elektroenergetika fakültəsinin tələbəsi Tubu İbrahimova çıxış edərək bildirdi ki, “Təhsilimiz gündən –günə inkişaf edir. Bu inkişaf isə biz tələbələri çox sevindirir. Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı var. Fizika və elektroenergetika fakültəsində təhsil alıram. Burada rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə aparılan məqsədyönlü işlər nəticəsində çox ciddi nizam-intizam, imtahan sessiyasında şəffaflıq, obyektivlik hökm sürür. Bu fakültədə oxumaqdan məmnunam. Bu günlərdə Prezident İlham Əliyev təqaüdlərimizin artırılması ilə bağlı sərəncam imzaladı. Bu, biz tələbələr üçün xoş bir hadisədir. Bu, məni və bütün yoldaşlarımı, təbii ki, çox sevindirir. Bu artım bizə yalnız maddi deyil, həm də mənəvi dəstəkdir. Belə ki, yoldaşlarımız arasında yaxşı mənada rəqabət hissini gücləndirib. Dövlət başçısı İlham Əliyevə biz gənclərə hər zaman qayğı və diqqət göstərdiyinə görə ailəm, tələbə yoldaşlarım və öz adımdan dərin minnətdarlığımı bildirirəm”.
Filologiya fakültəsinin tələbələri Rəhilə Hüseynova, Sahilə İbrahimova çıxış edərək qeyd etdilər ki, Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir. Bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq. Təqaüdlərin artırılması tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Artıq tələbələr arasında rəqabət güclənib.Onlar yaxşı bilirlər ki, kim daha yaxşı oxuyacaqsa, kimin akademik göstəriciləri yüksək olacaqsa, o da artımdan faydalana biləcək.
Riyaziyyat fakültəsinin tələbəsi Ülkər Laçınova qeyd etdi ki, “ölkə başçısı cənab İlham Əliyevin tələbələrə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində tələbə təqaüdlərinin məbləği bir neçə sərəncamla, əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatmışdır. Bu xoş xəbər mənim kimi bir çox tələbənin də sevincinə səbəb oldu. Fürsətdən istifadə edərək ölkə başçısına dərin təşəkkürümü bildirirəm”.
Tarix və coğrafiya fakültəsinin tələbələri Ceyhun İsgəndərov, Əliyar Rəfiyev çıxışlarında vurğuladılar ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün istiqamətlərdə: iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə olundu, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Sosial sahəyə xüsusi diqqət həmişə cənab İlham Əliyev siyasətinin aparıcı istiqamətlərindən biri olub. Vətəndaşların yaşayış səviyyəsi, sosial təminatlarının yüksəldilməsinə yönəldilmiş qərarların davamlı şəkildə həyata keçirilməsi Prezidentin uğurlu fəaliyyətinin əsas tərkib hissəsidir. Ölkə başçısı tərəfindən imzalanan sərəncamlar biz tələbələrin sosial qayğılarının azalmasına əhəmiyyətli təsir göstərəcək. Düşünürəm ki, təhsilhaqqı xərclərimizi üzərinə götürən ailələrimizə yük olmayacağıq. Ölkə gəncliyi ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqdir. Gəncliyimizin də bu yöndə fəaliyyəti yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləyir, Dağlıq Qarabağın düşmənlərdən azad olunması üçün müharibə lazımdırsa, biz Ali Baş Komandanın əmrinə həmişə hazırıq.
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Könül Behbudova bildirdi ki, “Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.Əlbəttə ki, bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ona görə də bu gün Azərbaycan sivil, demokratik dövlət kimi beynəlxalq müstəvidə qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir. Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevə Sumqayıt Dövlət Universitetinin tələbələri adından uğurlar arzulayır, biz gənclərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”.
Mühəndislik fakültəsinin tələbəsi Səbinə Lətifova qeyd etdi ki, “Ölkə başçısı cənab İlham Əliyevin 25 yanvar 2016-ci il tarixində “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” imzaladığı sərəncam bir daha gənclərə göstərilən qayğının bariz nümunəsidir. Bu tarixi qərar bizi – Sumqayıt Dövlət Universitetinin gənclərini hədsiz dərəcədə sevindirir və gələcəkdə daha da inamla çalışmağa sövq edir. Xüsusilə də dünyada iqtisadi böhranın hökm sürdüyü dönəmdə atılan bu addım yüzlərlə tələbənin sevincinə səbəb olmuş və onlara yeni stimul vermişdir”.
Kimya və biologiya fakültəsinin tələbəsi Türkanə Qafarova qeyd etdi ki, “Prezidentimizin təhsilin inkişafına yönəlmiş islahatları bir gənc olaraq məni qürurlandırır, gələcəyə böyük inam yaradır. Bütövlükdə təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək. Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan təlabat artacaq. Təqaüdlərin artırılması ölkədə elmə və təhsilə verilən dəyərin bariz nümunəsidir. Bu xoş xəbər mənim kimi bir çox tələbənin də sevincinə səbəb oldu. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz gəncləri daim diqqət mərkəzində saxlayır, qayğı və dəstəyini əsirgəmir”.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az