Elmi Şuranın genişləndirilmiş iclası keçirildi
Mayın 17-də Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi, Elmi Şuranın gündəliyi təsdiq olundu.
Rektor professor Elxan Hüseynov Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 14 may 2019-cu il tarixli, F-265 nömrəli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mütəşəkkil və təlimata uyğun səviyyədə keçirilməsi, imtahan sessiyası dövründə SDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, qeyri-hökümət təşkilatı, valideynlər, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri rəhbərlərinin imtahanların gedişini izləmələrinə şərait yaradılmasını tövsiyə etdi.
Rektor onu da qeyd etdi ki, Rusiya-Azərbaycan Universitetləri Asossiasiyası çərçivəsində Yay məktəbinin keçirilməsi planlaşdırılıb. Yay məktəbi “Azərbaycanı yaxından taniyaq” devizi altında Rusiya universitetlərindən tələbələrin Azərbaycana dəvət olunması, həmin tələbələrin Azərbaycan universitetlərinə turizm mərkəzlərinə, böyük müəssisələrə, texnoparklara və digər görməli yerlərə ekskursiyalarının təşkili planlaşdırılıb.
Rusiya universitetlərindən gələn tələbələrin qarşılanması, yerləşdirilməsi, müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri barədə öncədən Azərbaycan universitetlərinin rəhbərləri təlimatlandırılsın. “Azərbaycanı yaxından tanıyaq “ devizi altında Yay məktəbində nəzərdə tutulmuş tədbirlərin yüksək sıviyyədə həyata keçirilməsi üçün rus dilini sərbəst bilən tələbələr, magistrantlar, doktorantlar və gənc müəllimlərdən ibarət könüllülər qrupunun yaradılması ilə əlaqədar müvafiq struktur rəhbərlərinə rektor tərəfindən tapşırıqlar verildi.
Sonra bakalavriat səviyyəsi üzrə yaz semestrinin imtahan sessiyasına və Dövlət imtahanlarına hazırlığın vəziyyəti barədə Tədris Metodiki Mərkəzin direktoru dosent İsabal Qurbanov, magistratura səviyyəsi üzrə yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, Rusiya Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində may-dekabr 2019-cu il tarixlərinə planlaşdırılan tədbirlər haqqında Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov ətraflı məlumat verdilər.
Elmi Şuraya təqdim olunan Tədris planları və Tədris vasitələri müzakirə olundu.
Müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edildi. Bununla da Elmi Şuranın növbəti iclası başa çatdı.
Mətbuat xidməti