SDU-da V Tələbə elmi konfransı öz işinə başladı
Mayın 21-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş V Tələbə elmi konfransı öz işinə başladı.
Əvvəlcə iştirakçılar Böyük Akt zalının foyesində konfransda yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış oldular.
Konfransı giriş sözü ilə universitet üzrə TEC-in Şura sədri Nailə Zeynalova açaraq TEC-in 2018 - 2019-cu tədris ilindəki fəaliyyətinin hesabatını verdi.
Sonra fakültə üzrə TEC Şura sədrləri çıxış edərək Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açdılar, Tələbə Elmi Cəmiyyətinin tələbə-gənclərin elmi biliklərinin artmasına, intellekt səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini vurğuladılar.
Konfransda çıxış edən rektor professor Elxan Hüseynov tələbələrin elmi-tədqiqat işlərinə maraqlarının artırılması məqsədi ilə bu kimi konfransların keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etdi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini və gənclərin inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Rektor ölkəmizdə aparılan təhsil islahatları Sumqayıt Dövlət Universitetində təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi, tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün görülən lazımi tədbirlərin həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, universitetimizdə elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti uğurla yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Rektor onu da qeyd etdi ki, çox sevindirici faktdır ki, tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqələrdə fəal iştirak edərək sertifikata layiq görülürlər. Rektor konfransın işinə uğurlar arzuladı.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, TEC-in məqsədi tələbələrin bilik və bacarıqlarını aşkar etmək, onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan TEC-in konfransı mühüm əhəmiyyət kəsb edir. Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş V Tələbə elmi konfransında yer tutan tələbələr diplomlarla təltif olundular.
Mətbuat xidməti