Dosent Loğman Abdullayev SDTK-də “Ehtiyatların uçotu” mövzusunda məharət dərsi keçdi
Mayın 22-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində Mühasibat uçotu və maliyyə ixtisasları üzrə tələbə və müəllimlərə “Ehtiyatların uçotu” mövzusunda məharət dərsi keçdi.
Dosent Loğman Abdullayev “Ehtiyatların uçotu” mövzusunda çıxış edərək bildirdi ki, hal-hazırda beynəlxalq standartlara uyğun uçotun təşkili mühüm hal hesab olunur. Hal-hazırda ölkəmizdə Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsaslanaraq və yeni hesablar planına uyğun şəkildə subyektlər tərəfindən uçotaalınma təmin edilir. Müasir dövrdə ölkəmizdə ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində davamlı iqtisadi inkişaf və makroiqtisadi sabitlik təmin edilmişdir. Bu gün müzakirə etdiyimiz mövzu ölkə həyatında müşahidə olunan inkişaf dinamikasının bir göstəricisidir. Azərbaycan Respublikası iqtisadi inkişaf baxımından, beynəlxalq maliyyə qurumlarından və ölkələrdən asılı olmadan müstəqil siyasət aparır. Ölkə başcısının apardığı daxili və xarici siyasət nəticəsində qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları ölkəmizdə gedən prosesləri çox böyük maraqla izləyir və çox yüksək qiymət verirlər. Xüsusilə bildirirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmış, əhali sayı 1,6 milyon artmış, əməkhaqları 7, pensiyalar 9 dəfə artmışdır. Bu bir daha onu göstərir ki, ölkədə aparılan sosialyönümlü siyasət vətəndaşların rifahına xidmət edir.
Dosent Loğman Abdullayev onu da qeyd etdi ki, Mühasibat uçotu və maliyyə ixtisasları üzrə təhsil almış məzunlarımız ölkənin iqtisadi və sosial siya-sətini həyata keçirən dövlət strukturlarının müvafiq bölmələrində, təşkilati-hüquqi formasından asılı olmayaraq, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, kiçik təsər-rüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə, ölkənin büdcə-vergi və maliyyə-kredit siyasətini həyata keçirən orqanlarında, müxtəlif təhsil müəssisələrinin uçot-hesabat bölmələrində və peşə ixtisasına uyğun strukturlarda fəaliyyət göstərirlər.
Görüşdə dosent tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Mətbuat xidməti