SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyəti Cocuq Mərcanlıya səfər etdi
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilmiş, Prezident cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri başa çatdıqdan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi respublikamızın ən çox ziyarət olunan məkanlarından birinə çevrilmişdir.
Mayın 26-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyəti Cocuq Mərcanlıya səfər etdi.
Müəllim və tələbə heyəti əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarında yerləşən “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdi, önünə tər çiçəklər qoydu, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər. Sonra Novruz Aslanov adına orta məktəbinin kollektivi ilə görüşdülər, sinif otaqlarını, fənn kabinetlərini gəzib şagirdlər tərəfindən hazırlanmış kompozisiyaya baxdılar.
Məktəbin direktoru Zamin Həziyev kənddə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlərin artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşadıqlarını bildirdi. Kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi. Məktəbin direktoru Zamin Həziyev göstərdikləri diqqətə görə SDU-nun kollektivinə təşəkkür etdi.
Görüşdə çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva qeyd etdi ki, Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan, lakin ordumuzun şücaəti sayəsində azad edilən, dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan bu kənd indi öz möhtəşəmliyi ilə diqqət çəkir. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Hər birimiz bu qalibiyyətin sevincini yaşayırıq. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.
Səfər çərçivəsində SDU kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ildə inşa edilmiş Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidini ziyarət etdi, aparılan tikinti-quruculuq işləri ilə tanış oldu, ölkəmizin Birinci-vitse Prezidenti Mehriban xanım Əliyevanın himayəsi ilə salınmış parkla tanış oldu. N saylı hərbi hissədə əsgərlərlə görüş tələbələrimizin hərbi ruh yüksəkliyinin artmasına, vətənpərvərlik hissinin coşmasına, onların qəlbində yaşayan vətən sevgisinin alovlanmasına səbəb oldu.
Qeyd edək ki, SDU əməkdaşları Cocuq Mərcanlı kənd orta məktəbinə, kənd məscidinə, N saylı hərbi hissəyə hədiyyələr təqdim etdilər.
Mətbuat xidməti