SDU-da “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda Respublika elmi konfransı öz işinə başladı
Mayın 30-da Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda Respublika elmi konfransı öz işinə başladı.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, respublikamızın və Atırau Neft və Qaz Universitetinin, Kazan Dövlət Energetika Universitetinin, Pskov Dövlət Universitetinin prorektor, struktur rəhbərləri, professor və müəllimləri, Elmi tədqiqat institutlarının və istehsalat müəssisələrinin nümayəndələri iştirak etdilər.
Konfransı giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq konfrans iştirakçılarına universitetin rektoru professor Elxan Hüseynovun salamını çatdırdı, konfransın işinə uğurlar arzuladı. Ölkə başçısının apardığı kadr islahatları haqqında söz açan prorektor bildirdi ki, cənab İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir, xalqın və dövlətin maraqlarını, milli mənafelərini nəzərə alaraq bu istiqamətdə düşünülmüş addımlar atır, bütövlükdə elektroenergetika sahəsində ciddi islahatlar, tikinti, yenidənqurma və bərpa prosesi həyata keçirilir. Ölkə Prezidenti tərəfindən imzalanmış inkişaf proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan Respublikasında ölkə iqtisadiyyatını və əhalisini elektrik enerjisi ilə təmin edən güclü enerji sistemi mövcuddur. Çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində indi ixtisaslı kadr təminatında kəmiyyət qıtlığı deyil, keyfiyyət və struktur qıtlığı müşahidə olunur. Bu da mütəxəssis hazırlığının keyfiyyəti ilə müasir energetika sektorunun sürətli inkişaf dinamikası arasındakı fərqlə bağlıdır. Hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasındakı fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil müəssisələri arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilmişdir. Bu gün ölkədə müasir avadanlıqlarla təhciz olunmuş, yenidən yaradılmış müəssisələrdə bacarıqlı mühəndis kadrlara böyük ehtiyac var. Bu problemlərin həlli texniki sahələr üzrə mütəxəssis hazırlayan universitetlərin üzərinə düşür. Hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır. Bu istiqamətdə ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramları uğurla icra olunur, yeni nəsil mütəxəsislər yetişdirilir, Azərbaycan ali təhsil sisteminin məzmunu və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilir. Sumqayıt Dövlət Universitetində bu istiqamətdə müəyyən işlər görülmüşdür. Belə ki, “Azərişıq”ASC-də Tədris Mərkəzində SDU-nun Elektromexanika kafedrasının filialı açılmış və tələbələr müəyyən laboratoriya dərslərini orada aparırlar. Görülən işlərin nəticəsi olaraq SDU əməkdaşları “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı” ERAZMUS+ layihəsində iştirak etmişlər. Layihə çərçivəsində qəbul olunmuş müqaviləyə əsasən “Elektrik mühəndisliyi” ixtisası üzrə hazırlanmış yeni tədris planları ilə təhsil almış və İELTS6 sertifikatları əldə etmiş SDU tələbələrinə universitetin diplomu ilə bərabər Fransanın İncəsənət və Sənətkarlıq üzrə Milli Konservatoriyanın diplomları da veriləcəkdir. Bununla yanaşı, hal-hazırda energetika ixtisasları üzrə həm bakalavr, həm də magistratura pillələri üzrə Rusiya Federasiyasının Kazan Dövlət Universiteti ilə SDU arasında ikili diplomun verilməsi üçün hazırlıqlar aparılır. Prorektor çıxışının sonunda konfransda aparılan müzakirələrin energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələlərinə öz töhfəsini verəcəyini də vurğuladı.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək şəhər İcra başçısı cənab Zakir Fərəcovun salamını çatdırdı, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz tərəqqi yolunda uğur və inamla irəliləyir. Teymur Səmədov onu da vurğuladı ki, Sumqayıt Dövlət Universiteti məhz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin xidmətləri sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. Ölkənin kadr potensialının formalaşmasında mühüm xidməti olan Sumqayıt Dövlət Universiteti peşəkar mütəxəsislərin hazırlanmasında əldə etdiyi nailiyyətlərlə adını nüfuzlu ali məktəblərin sırasına yazmışdır. 70 illik yubileyini qeyd etməyə hazırlaşan şəhərimizin kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyətinin böyük xidməti var.
“Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə “Təhsil müəssisələri ilə istehsalat müəssisələrinin gənc mütəxəssislərin yetişdirilməsində birgə işinin beynəlxalq modeli”, Атырауского университета нефти и газа (Kазахстан) проректор по научной работе и инновациям Александр Воробьев “Bозможности эффективного применения инновационных методик подготовки кадров по специальностям энергетики», BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Vaqif Salmanov “Energetikayönümlü “Fiziki-mühəndis” hazırlığı barədə”, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin direktoru Xəndan Əhmədov “Sumqayıt YGEŞ” MMC-nin yaranma tarixi və inkişafi”, SDU-nun Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova “Energetikayönümlü kadr hazırlığı” mövzusunda məruzə ilə çıxış etdilər. Bildirdilər ki, elektroenergetika sektoru hər bir dövlətin yanacaq-energetika kompleksinin ən vacib sahələrindəndir. Energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoymuşdur. Enerji sektorunun Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsiri nəticəsində valyuta ehtiyatları artır, qeyri-neft sektorunun inkişafı üçün layihələr həyata keçirilir, yeni sənaye sahələri yaradılır, milli proqramların reallaşması sürətləndirilir, sosial islahatlar həyata keçirilir. Bu istiqamətdə ölkəyə investisiya axını güclənir, xidmət və turizm sahələri genişlənir.
Konfrans işini beş bölmə üzrə iki gün ərzində davam etdirəcək. Konfransa 189 məruzə daxil edilib və konfrans materialları toplusu şəklində çap olunub.
Qeyd edək ki, konfrans zamanı “Dual Təhsil” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
Mətbuat xidməti