“Konsept humanitar tədqiqatlarda" mövzusunda dəyirmi masa keçirildi
Xarici dillər kafedrasında “Konsept humanitar tədqiqatlarda” mövzusunda dəyirmi masa keçirildi. Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin sırasında “Konsept filoloji düşüncədə” adlı elmi seminar və “Konsept humanitar tədqiqatlarda” mövzusunda keçirilən dəyirmi masanın məqsədi yeni tədqiqat sahələri və metoologiyaları ilə bağlı fikir mübadiləsinin aparılması, gənc tədqiqatçıların bu polemikaya cəlb edilməsi və onların elmi tədqiqatlarının nəticələrinin aprobasiyasının təşkilidir.
Dəyirmi masada Filologiya fakültəsinin Xarici dillər və Azərbaycan dili və onun tədrisi metodikası kafedralarının professor-müəllim heyəti, fakültənin doktorant və dissertantları və İngilis dili müəllimliyi ixtisasında təhsil alan bakalavriat tələbələri iştirak etdilər.
Dəyirmi masanı giriş sözü iə açan professor Nigar İsgəndərova bildirdi ki, konsept - mədəni-tarixi fenomendir, xalqın fərdi və kollektiv yaradıcılıgının məhsulu və mədəniyyətlərarası münasibətlərdə mədəni dəyərlərin ötürücüsüdür. Elmlərarası yanaşma ideyasını həyata keçirən konsept nəzəriyyəsi müasir humanitar tədqiqatların metodlarından biri kimi çıxış edir. Dilçilikdə konseptual və kulturoloji istiqamət konsepti söz vasitəsilə tədqiq edir: dildə hər bir söz bir linqvistik işarədirsə, danışanın nitqi onun təfəkkürünü əks etdirən işarələr sistemidir. Bu sistemdə hər danışanın nitqi kodlaşdırılmış informasiyadır.
Kafedranın dosenti Şölə Yunusova konsept anlayışı və onun müasir dilçilikdə işlənməsindən söhbət açaraq bildirdi ki, konsept anlayışı ХХ əsrin ikinci yarısından sonra geniş öyrənilməyə başlamışdır. Buna baxmayaraq, dilcilikdə tez-tez rast gəldiyimiz konsept termini Avropa dilçiliyində ayri-ayrı dövrlərdə nisbətən fərqli mənaların daşıyıcısı olmuşdur. Hələ ХIХ əsrin 40-cı illərində rus xalq nağılları öyrənilərkən etimoloji konseptlə mədəni hadisənin əlaqəsi müəyyənləşdirilmişdir. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasın müəllimi fil.f.d. Günel Paşayeva deyilənlərə istinad edərək dünyanın dil mənzərəsini təsvir etdi, insanın ictimai fəaliyyətində dilin yaradıcı rolu və dünyanın dil və konseptual mənzərəsində konseptin necə yarandığı haqda məlumat verdi.
Xarici dillər kafedrasının müəllimlərindən Lamiə Heydərova müasir dilçilikdə konseptə koqnitiv və linqvokulturoloji yanaşmanı, Aynurə Xanlarova isə dilin zənginləşməsində və konseptuallaşmasında frazeoloji birləşmələrin əhəmiyyətini vurğuladılar. Bildirdilər ki, dilin frazeoloji sistemində xalqın həyat və məişətinin, tarixi keçmişinin, adət və ənənələrinin, milli psixologiyasının çox aydın, parlaq əksi konseptlərdə görünür. Frazeologizmlər ekspressivliyi, obrazlılıgı, ifadəliliyi artırmaqla, nitqin səlisliyini, emosionallıgını və yeni semantik dolğunluğunu təmin edir. Müəllim Aytən Bünyatova mövzunu davam etdirərək, linqvokulturologiyada koqnisiyanın mənadüzəldici mexanizmlərindən, baş müəllim Təranə Quliyeva isə bədii ədəbiyyatda tərcümə konsepti haqda söhbət açdı. Fil.f.d. Könül İsgəndərova həmfikirlərinin yanaşmasını davam etdirərək ünsiyyət bacarığının formalaşdırması, ünsiyyət konseptinin inkişaf etdirilməsi yollarını açıqladı. Baş müəllim Əminə Musayeva deyilən fikirlərin bir –birilə bağlı oldugunu qeyd edərək kütləvi informasiya vasitələrində məqalə başlıqlarının xüsusiyyətlərini, onların çatdırdığı sətiraltı informasiyanı təhlil etdi. Kafedranın dosenti Sona Məmmədova pedaqoqika sahəsində müəllim və şagird münasibətlərində konseptual yanaşmanın formalarından söhbət açdı. Bildirdi ki, konseptlər ictimai şüurda müzakirə predmetinə çevrilmişdir. Müdrikliyin məqsədi azadlıq, biliyin məqsədi məhəbbət oldugu kimi, təhsilin də məqsədi şəxsiyyətdir. Bu gün şəxsiyyətin inkişafının əsas məsələsı onun sürətlə dəyişilən ətraf sosiuma adaptasiyasıdır və müəllim- şagird konseptinin inkişafında koqnitiv metaforlar mühüm rol oynayır.
Dəyirmi masanı Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva yekunlaşdırdı və təşkilatçılara əhəmiyyətli mövzuya toxunduqları üçün təşəkkürünü bildirdi.
Mətbuat xidməti