Universitetimizin xarici dil kafedrasının əməkdaşları və tələbələri tərəfindən hazırlanan və çapa təqdim olunan elmi məqalələrin müzakirəsi
Bu gün xarici dillərin tədrisi müasir tələblər əsasında aparılmalı, yetişdirilən kadrların hazırlıq səviyyəsi dünya standartlarına cavab verməlidir. Xarici ölkələrlə gündən-günə artan iqtisadi, siyasi, mədəni əlaqələr xarici dillərin daha perspektivli şəkildə öyrənilməsini zəruri edir. Qeyd etmək lazımdır ki, İKT sahəsinin də inkişafı dil tədrisinə əhəmiyyətli dərəcədə təsir etmişdir. İKT- nın tətbiqi və elektron dərsliklərdən istifadə yolları da inkişaf etməkdədir.
Elə bu məqsədlə də xarici dillər kafedrasında kafedranın müdiri f.e.d. N. V. İsgəndərovanın təşəbbüsü ilə innovativ metodla hazırlanan elmi məqalələrin müzakirəsi keçirilir. Bu qəbildən olan ilk müzakirələr SDU-nun xarici dillər kafedrasının əməkdaşları Məmmədova Jalənin “Elektron lüğətlər və onların tədrisdə istifadəsi” adlı məqaləsi və Mərdanlı Humayın “Alman şairi və mütəfəkkiri Yohan Volfgang Getenin yaradıcılığında islami baxışlar” adlı məqalələrinin çapdan qabaq təqdimatı idi.
20 aprel 2015- ci il tarixdə keçirilmiş növbəti seminarda tələbələrin elmi- tədqiqat işləri təqdim edildi. 976- cı qrup tələbələri Abbasova Əfsanənin “Milli-ənənəvi dəyərlər Azərbaycan və ingilis atalar sözlərində”, Məmmədova Nigarın “Çarlz Dikkensin əsərlərində kimsəsiz uşaqların təsviri”, Yaqubova Aynurənin “Modal fellərin Azərbaycan dilinə tərcümə yolları” adlı elmi-tədqiqat işlərinin müzakirəsi keçirildi.
Təqdim olunmuş məqalələrin müsbət və mənfi tərəflərinə toxunuldu, suallar verildi və fikir mübadiləsi aparıldı.
Filologiya fakültəsinin dekanı f.e.d. dos. Sevinc Həmzəyeva bu cür təqdimatların vaxtaşırı keçirilməsini təqdirəlayiq hal hesab etdi və seminarın işinə uğurlar dilədi.
Kafedra müdiri f.e.d. dos. Nigar İsgəndərova kafedranın potensialını gücləndirmək naminə bu cür müzakirələrin mütamadi olaraq aparılacağını bildirdi, hamını elmdə daha da fəal olmağa səslədi.
Mətbuat Xidməti