Görkəmli alim Ramazan Məmmədovun 75 illik yubileyi qeyd edildi
İyulun 1-də universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor, görkəmli alim və pedaqoq Ramazan Məmmədovun 75 illik yubileyi qeyd edildi.
Yubiley münasibətilə Ramazan Məmmədovu təbrik edən SDU-nun rektoru professor Elxan Hüseynov çıxış edərək onun geniş elmi və təşkilatı fəaliyyətindən, alimin mənalı ömür yolundan, elmimizə verdiyi dəyərli töhfələrdən bəhs etdi. Bildirdi ki, Ramazan Məmmədov uzun illərdir, çoxşaxəli fəaliyyəti, müdrikliyi və sadəliyi ilə ətrafındakı insanların, işlədiyi kollektivin hörmət və ehtiramını qazanıb. Bütün həyatını, fəaliyyətini xalqımızın mənəviyyatının zənginləşməsinə həsr etdiyini qeyd edən rektor bildirdi ki, o, halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Ramazan Məmmədovu universitetin sütunlarından hesab edən rektor onun elm və xalq qarşısındakı böyük xidmətlərinə görə ölkə başçısı tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görüldüyünü xatırlatdı. Bildirdi ki, böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da sevilir. Çoxsaylı mükafatlara layiq görülən alimimiz Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisində iştirak edərək Təbii biliklər Akademiyasının Elmi-Nəşriyyat Mərkəzinin diplomu ilə təltif olunmuşdu.
Bu gün professor Ramazan Məmmədov uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və 75 illik yubileyi münasibəti ilə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olundu. Bu münasibətlə də Ramazan Məmmədovu təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
Digər profesor və müəllimlər də görkəmli alimin səmərəli elmi fəaliyyətindən, dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışdılar.
Yubiliyar ona ünvanlanan təbriklərə görə Təhsil naziri cənab Ceyhun Bayramova, SDU-nun rektoru professor Elxan Hüseynova, eyni zamanda bütün professor-müəllim heyətinə minnətdarlığını bildirdi.
Qeyd edək ki, professor Ramazan Məmmədov 1944-cü il iyulun 1-də Qax rayonunun Qum kəndində anadan olub. 1968 - 1973-cü illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda orta məktəbdə rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış, dərs əlaçısı, Lenin təqaüdçüsü olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, Elmi şuranın qərarı ilə Rus dilinin fonetikası kafedrasında işləmək üçün institutda saxlanılmışdır. 1991-ci ilədək baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.1974-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, “Azərbaycanlıların rusca nitqində fonetik interferensiya” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1980-1984-cü illərdə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında elmi-pedaqoji ezamiyyətdə olmuş, Kabil Universitetində eyni vaxtda dosent, kafedra müdiri, universitet partiya təşkilatının katibi, Əfqanıstanda Rus dilinin tədrisi üzrə Metodik Birləşmənin sədr müavini vəzifələrində çalışmışdır. 1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, professor, kafedra müdiri vəzifələrini icra edərək, 2014-cü ildən SDU-da Elm və innovasiyalar üzrə
prorektor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunmuşdur. Professor Ramazan Məmmədovun elmi maraq dairəsi dilçiliklə məhdudlaşmır. O, 1962-ci ildən sakini olduğu Sumqayıt şəhərinin vurğunudur. Ömrünün 26 ilini doğma şəhərinin 1988-ci ilin fevralında erməni və ermənipərəst millətçi-separatçı qüvvələr tərəfindən törədilmiş kütləvi iğtişaşların elmi-sosioloji tədqiqinə, bu faciəvi hadisələrin Azərbaycan-Ermənistan - Dağlıq Qarabağ qarşıdurması ilə bağlılığı probleminin araşdırılmasına həsr etmişdir. Problemə həsr edilmiş və Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş bir sıra silsilə məqalələrin, konfrans materiallarının və yeddi monoqrafiyanın müəllifidir. Qəlbi vətən, torpaq sevgisi ilə döyünən vətəndaş alimin əməyi daima yüksək qiymətləndirilmişdir. Müxtəlif illərdə respublika, ittifaq və xarici ölkə səviyyəli tərifnamələrlə, fəxri fərmanlarla, 1965-ci ildə “XX let Pobedı v Velikoy Oteçestvennoy voyne” Yubiley medalı ilə, 1984-cü ildə Əfqanıstan Respublikasının “Eftexor” ordeni ilə, 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Həyatının mənalı illərini Sumqayıt Dövlət Universitetinin, ölkənin kadr potensialının inkişafına, iqtisadi potensialın intellekt kapitalına çevrilməsinə həsr edən professor Ramazan Məmmədovun Moskva Beynəlxalq Təhsil Salonunun Təbii Biliklər Akademiyasının Elmi-Kəşfiyyat Mərkəzi” nin diplomuna layiq görülməsi universitetimiz üçün mühüm elmi nailiyyətdir.
Mətbuat xidməti