2018-2019-cu tədris ilində SDU-nun Elmi Şurasının yekun iclası keçirildi
İyulun 11-də Sumqayıt Dövlət Universitetində 2018-2019-cu tədris ilində Elmi Şuranın yekun iclası genişləndirilmiş şəkildə keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi, Elmi Şuranın gündəliyi təsdiq olundu.
2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov, Qiyabi təhsil üzrə imtahan sessiyasının nəticələri barədə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov ətraflı məlumat verdilər.
Aparılan müzakirələrdən sonra ümumilikdə imtahan sessiyasının nəticələri qənaətbəxş hesab edildi.
SDU-nun beynəlxalq əlaqələrinin vəziyyəti və genişləndirilməsi yolları haqqında Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev məlumat verdi. Bildirdi ki, son 5 (beş) ildə SDU-nun beynəlxalq əlaqələri genişlənmiş, dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalanmışdır.
Rektor Elxan Hüseynov məsələyə münasibət bildirərək qeyd etdi ki, əldə olunan nailiyyətlərlə kifayətlənməməli, tələbə mobilliyini təmin etməli, əməkdaşlarımızın xarici universitetlərdə mühazirələr oxuması istiqamətində ciddi işlər aparmalı, həmçinin Azərbaycan−Rusiya Universitetləri Assosiasiyası çərçivəsində aparılan beynəlxalq əlaqələri daha da intensivləşdirməliyik.
Sonra 2019-2020-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov məlumat verdi. Qeyd etdi ki, yeni tədris ili üçün bütün kafedralarda dərs yükünün bölgüsü tamamlanmaq üzrədir. Bütün fakültənin auditoriya fondu müəyyənləşdirilib, yeni yaradılan auditoriyalar isə fakültələr üzrə bilinəcək. Akademik jurnallarda tələbələrin dərsə davamiyyətini qeyd etməkdə yenilik tətbiq olunacaq, belə ki, hər dərsdə davamiyyət iki qaydada yəni hər 45 dəqiqə üçün qeydiyyat aparılacaq.
Rektor Elxan Hüseynov qeyd etdi ki, uzun müddət universitetimizdə kafedra müdiri kimi çalışmış AMEA-nın müxbir üzvü, görkəmli alim, professor Firudin Məmmədovun fəaliyyət göstərdiyi kafedra qarşısında xatirə lövhəsi vurulması istiqamətində tədbirlər görülüb.
SDU-nun Keyfiyyət Təminatı Mərkəzinin “Əsasnamə”sinin təsdiqi ERASMUS+EQAC layihəsi, Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində SDU-da pilot kimi seçilmiş ixtisaslar üzrə özünütəhlil hesabatının təsdiqi barədə, 2019-2020-ci tədris ili üçün Elmi Şuranın iş planının təsdiqi və Elmi Şuranın qərarlarının yerinə yetirilməsi barədə Elmi katib professor Muxtar Səmədovun məlumatı dinlənildi.
Sonda Elmi Şuraya daxil olan 36 adda tədris və tədris–metodik vəsaitlər müzakirə olundu və nəşr olunmalarına icazə verildi.
Mətbuat xidməti