Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə yay məktəbinin açılışı oldu
Yerləşdirilmə tarixi : 15 İyul 2019 11:37
SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə yay məktəbinin açılışı oldu
Təhsil Nazirliyinin dəstəyi və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində iyulun 14-dən 21-dək “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə yay məktəbi təşkil edilib.
İyulun 15-də rektor professor Elxan Hüseynov və iştirakçılar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoydular. Rektor professor Elxan Hüseynov 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünə keçildiyini, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlanıldığını vurğuladı. Müstəqil Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən söz açdı. Qeyd etdi ki, zəngin siyasi irsə, təcrübəyə malik olan Ulu öndərin banisi olduğu dövlətçilik strategiyası Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizin inkişafı istiqamətində davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir.
Sonra qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular. SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elmar Xəlilov şəhidlərimizin qəhrəmanlığı, döyüş şücaəti, igidliyi haqqında məlumat verərək bildirdi ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirlər. 20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
 
Mətbuat xidməti
  
<
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az