Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə yay məktəbinin iştirakçıları Sumqayıt şəhəri ilə tanış oldular
Yerləşdirilmə tarixi : 16 İyul 2019 10:14
Tələbə yay məktəbinin iştirakçıları Sumqayıt şəhəri ilə tanış oldular
İyulun 15-də Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbinin təntənəli açılış mərasimindən sonra qonaqlar univesitetin professor-müəllim, tələbə heyəti və struktur rəhbərlərinin iştirakı ilə Sumqayıt şəhəri ilə tanış oldular.
Bələdçilər tərəfindən şəhərin tarixi barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, bu il Xəzərin incisi sayılan Sumqayıt şəhərinin 70 illik yubileyi tamam olur. Yubileylər özü ilə sevinc gətirdiyi kimi, həm də uğurların, nailiyyətlərin hesabatı ilə yadda qalır. Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək, ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərləri, diqqət və qayğısının nəticəsidir ki, şəhərimiz sürətlə inkişaf edir. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. Gənclər şəhəri Sumqayıt gündən-günə gözəlləşir, abadlaşır.
Qonaqlar ilk olaraq Heydər Əliyev parkında yerləşən Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış oldular. Mərkəz haqqında ətraflı məlumat verildi. Bildirildi ki, üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə Ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompüter və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəliftəyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra iştirakçılar Sumqayıt Dənizkənarı Bulvarının ərazisində yerləşən Bayraq Muzeyi ilə tanış oldular. Muzeylə tanış olan qonaqlara məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərir. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Mavi Xəzərin sahilində yerləşən Sumqayıt Bulvarı və Dənizkənarı Park qonaqları heyran etdi. Məlumat verildi ki, Sumqayıt Bulvarı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir.
Sonra Lüdviqshafen parkı ilə tanış olan qonaqlara məlumat verildi ki, Sumqayıt “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biridir. Bu gün dünyanın 10 ölkəsinin 12 şəhəri ilə dostluq əlaqələri olan Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. O da diqqətə çatdırıldı ki, Lüdviqshafen şəhərinin ober-burqomistri xanım Yeva Louze Sumqayıt-Lüdviqshafen şəhərləri arasında dostluq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülüb.
Sumqayıt şəhəri ilə tanış olan qonaqlar onlara göstərilən diqqətə görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
  
<
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az